Emin Ağalarov “Crocus Group”dan ayrıldı: vəzifələri bölüşdürüləcək

"Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrıldığını açıqlayıb. O, diqqəti öz layihələri üzərində cəmləşdirmək niyyətində olduğunu bildirib.

Bu barədə Kommersant RİA Novosti-yə istinadən məlumat yayıb.

"Biz atamla ("Crocus Group”un sahibi Araz Ağalarov) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürülsün", - Emin Ağalarov bildirib.

O, ayrılmaq barədə qərarın nə vaxt verildiyini dəqiqləşdirməyib. Onun vəzifələrinin hansı top-menecerlər arasında bölüşdürüldüyü də məlum deyil. İş adamı getməsini şirkətdə 22 il işləməsi, lakin bir çox başqa layihələrinin olması ilə izah edib.

"Hazırda mən öz layihələrimlə məşğulam: kurort şəhəri Sea Breeze, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı", - deyə cənab Ağalarov əlavə edib.

Emin Ağalarov 2001-ci ildən "Crocus Group”da çalışır, 2014-cü ildən birinci vitse-prezidentdir. Moskva vilayətində şirkət Crocus Expo sərgi mərkəzinə, Crocus City Hall konsert zalı, Vegas ticarət və əyləncə mərkəzlərinə və Tvoy Dom hipermarketlərinə sahibdir.