Əlövsət Rzayev – Coğrafiya fənninin vurğunu

Müəllim zəhmətinin qiyməti və dəyəri ölçülməzdir. Bu peşəni ülvi, müqəddəs sayan və özünü ona həsr edənlər, ömürlərini təhsil yolunda, gənc nəslin tərbiyəsi uğrunda damla-damla əridənlərdir.

Belə müəllimlərdən biri də Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəllimi Əlövsət Rzayev olmuşdur. Ömrünün ən gənc çağlarını gənc nəslin təlim-tərbiyəsinə sərf edən Əlövsət müəllimin həyat yolu heç də hamar olmamışdır. Yüzlərlə şagirdin düzgün formalaşmasında, həyata hazırlanmasında onun zəhməti çoxdur.

Əlövsət  Rzayev 27 may 1949-cu ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1956-cı ildə Neftçala şəhər orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 2 il əmək stajı topladıqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə daxil olmuşdur.
1972-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra doğma Neftçala rayonuna təyinat almışdır. 2 ay Neftçala rayon qiyabi orta məktəbdə metodist vəzifəsində işlədikdən sonra hərbi xidmətə yollanmış, vətənə xidmət borcunu şərəflə yerinə yetirərək ehtiyatda olan leytenant rütbəsində geri qayıtmışdır.

Hərbi xidməti başa vurduqdan sonra 3 il rayonun Z.O.Qoltuq kənd 8 illik məktəbində ixtisası üzrə coğrafiya müəllimi işləmişdir. 1976-cı ilin noyabr ayında Neftçala Qazma İşləri İdarəsinin komsomolçuları onu azad komsomol komitəsinin katibi seçmişlər.

1978-ci ilin iyun ayında Azərbaycan komsomolçu gənclərinin nümayəndə heyəti tərkibində təcrübə mübadiləsi toplamaq məqsədilə 18 gün Vyetnam Sosialist Respublikasında səfərdə olmuşdur. Həmin il ictimai asayişin qorunmasında fəal iştirakına görə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

1978-ci ilin dekabr ayından Neftçala rayon Maarif Şöbəsində əvvəlcə dərslik, sonra isə ibtidai hərbi hazırlıq üzrə metodist vəzifəsində işləmişdir.

1986-cı ildən 2019-cu il, təqaüdə çıxana qədər Neftçala Rayon Təhsil Şöbəsində coğrafiya fənni üzrə metodist vəzifəsində, eyni zamanda Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbində coğrafiya müəllimi işləmişdir.

1981-ci ildə “SSRİ – Mənim Vətənimdir” devizi altında keçirilən turist- ölkəşünaslıq ekspedisiyalarının Respublika yarışında rəhbərlik etdiyi komanda 1-ci yeri tutaraq qalib gəlmişdir. Bununla əlaqədar, Əlövsət müəllim keçmiş SSRİ Maarif Nazirliyinin və həm də Azərbaycan SSR Maarif Nazirliyinin Turist Stansiyalarının Fəxri Fərmanları ilə təltif edilmişdir. 

1985-ci ildə Sovet xalqının alman-faşist işğalçılarına qarşı müharibədəki qələbəsinin 40 illiyinə həsr olunmuş hərbi-vətənpərvərlik tərbiyəsinə həsr olunmuş Respublika müsabiqəsində fəal iştirakına görə, Azərbaycan SSR Maarif Nazirliyinin diplomunu almışdır.

İşlədiyi dövrdə yaradıcı, təşəbbüskar, yenilikçi metodist və müəllim kimi tanınan Ə. Rzayev respublikamızın bir qrup qabaqcıl müəllimi ilə birlikdə 1995-ci ilin iyun ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Fətihə kurort şəhərində keçirilmiş 15 günlük seminarda iştirak etmiş və sertifikata layiq görülmüşdür.

1997-ci ildə keçirilən attestasiyanın nəticəsinə görə, “Ali kateqoriyalı müəllim” ixtisas dərəcəsi almışdır. 

1998-ci il onun üçün daha uğurlu olmuşdur. Belə ki, o, “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində qalib gələrək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Elə həmin ilin sentyabr ayının 25-də müstəqil Azərbaycan müəllimlərinin ilk qurultayının nümayəndəsi olmuşdur.

1999-cu ilin may ayında anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.
2009-cu ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 

Əlövsət Rzayev 2010-cu ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Tez-tez rayon və respublika mətbuatında metodiki məqalələrlə çıxış edən Əlövsət müəllim təhsilimizin müxtəlif problemlərinə, coğrafiyanın tədrisinə dair xeyli məqalənin müəllifidir. Onun yerli “Gündoğar” qəzetində “Coğrafiya dərslərində şagirdlərin ideya-siyasi tərbiyəsi”, “Fiziki coğrafiya və ateizm tərbiyəsi”, “Şagirdlərin vətənpərvərlik tərbiyəsi” və s. mövzularda məqalələri çıxmışdır.

Əlövsət müəllimin "Azərbaycan müəllimi” qəzeti ilə sıx əlaqələri olmuşdur. O, bu qəzetdə coğrafiya dərsliklərdəki nöqsanlar haqqında “Tənqid və biblioqrafiya” rubrikası altında “Coğrafiya dərslikləri: fakt dolaşıqlığı”, “Coğrafiya dərslikləri: yenə də fakt dolaşıqlığı”, “Coğrafiya dərsində ətraf mühitin mühafizəsi və bəşəriyyətin ekoloji və qlobal problemlərinin öyrədilməsi” məqalələri ilə çıxış etmişdir. 

Onun yetirmələri coğrafiya fənn olimpiadalarının məktəb, rayon və zona turlarında dəfələrlə qalib gəlmişdir. Əlövsət müəllim çalışdığı məktəbin coğrafiya kabinetini metodik mərkəzə çevirmək üçün xeyli elmi-metodiki və pedaqoji ədəbiyyatlar toplamışdır.

O, əldə etdiyi uğurlarla kifayətlənməmiş, daim düşünmüş, yaradıcı axtarışlar aparmış, tez-tez rayonun qabaqcıl müəllimlərinin dərslərində bir metodist kimi iştirak etmiş, onların işi ilə tanış olmuşdur. Qarşıya çıxan çətinlikləri aradan qaldırmaqda köməkliklər göstərmiş, onların keçirdikləri tədbirlərində yaxından iştirak etmişdir.

Ə. Rzayev öz təcrübəsini, biliyini həvəslə gənc həmkarlarına öyrətmişdir. Onun pedaqoji fəaliyyəti öz real bəhrəsini vermişdir. Yetirmələri xalq təsərrüfatının müxtəlif sahələrində çalışırlar. Onların bir çoxu müəllimlərinin yolu ilə gedərək pedaqoq sənətinə yiyələnmişdir və ağsaçlı Əlövsət müəllimlə çiyin-çiyinə işləmişlər.
Əlövsət müəllim haqqında bir çox mətbuat orqanlarında məqalələr çap olunmuşdur. 

Belə ki, 1976-cı ildə Neftçala şəhər 2 saylı orta məktəbin şagirdi Həmayıl Məmmədova “Pioner” jurnalının 6-cı sayında “Gənc səyyahlar dəstəsi” adlı məqaləsində ekskursiyanın təşkili və keçirilməsində Əlövsət müəllimin iş təcrübəsindən söhbət açmışdır. Onu da qeyd edək ki, Əlövsət müəllim səyahəti çox sevir və dünyanın 11 dövlətində, o cümlədən Vyetnam, Hindistan, İran, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Litva və Latviyada olmuşdur.
1999-cu ildə “Azərbaycan Müəllimi” qəzetində Azərbaycan Pedaqoji Universitetinin dosentləri Yavər Əliyev və Malik Mirzəyev Əlövsət müəllim haqqında “Coğrafiya elminə böyük məhəbbətlə” məqaləsini dərc etdirmişlər.

Həmin il "Maarifçi" qəzetində “Mən özüm də yazanam dedi” məqaləsi Əlövsət müəllimə həsr olunmuşdur. Həmin qəzetdə “Neftçala rayonunun qabaqcıl müəllimləri” siyahısında Əlövsət müəllimin adı birinci yazılmışdır.

Tanınmış jurnalist Cavad Cavadlının “Maarifimizin ulduzları” kitabında “Fənnini də, özünü də sevdirir” məqaləsində onun qabaqcıl iş təcrübəsi haqqında geniş yazılmışdır.

Bizimxeber.az portalının
baş redaktoru Ədil Hüseynli