Əli Həsənov fotolarla təhdid olunduğunu təsdiqlədi

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu deyir.

Bizimxeber.az-ın məlumatına görə, Ə. Həsənov “Amerikanın Səsi”nə açıqlamasında bununla bağlı daha əvvəl tvitter hesabında paylaşım etdiyini təsdiqləyib: “Mən bunu tvitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq.”

O, bunu kimlərin etməsi barədə suala belə cavab verib: “Vallah, bunu bilsəydim nə vardı ki?! Müvafiq qurumlar araşdırır.”

Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Ə.Həsənov “Bilsəydim nə var idi? Mənə bir-iki foto göndərib, təhdid ediblər,” - deyə qeyd edib.

Hazırda Ə.Həsənovun sözügedən paylaşımı tvitter hesabından silinsə də, onun mətni bundan ibarət idi: “Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş videogörüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu, bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaq”.