Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyinin başa çatıb. Yarış bir sıra qalmaqallar və narazılıqlarla yadda qalıb.
Bizimxeber.az-ın məlumatına görə, turnir 6 gün davam edib və oğlanlar arasında 13, qızlarda isə 5 çəki dərəcəsində çempionlar və medalçılar müəyyən olunub.
Bu ilki yarışın komanda hesabında birinci yeri “Təhsil” Respublika İdman Mərkəzi qazanıb. Gəncə komandası isə ikinci yeri tutub. Əvvəlki illərdə birinci yeri mütəmadi qazanan “Neftçi” İK bu dəfə ümumiyyətlə, nəticələrdə görünməyib.
Turnir hakimlərin qərarlarına qarşı çıxışlar və haqsızlıq şikayətləri ilə müşayiət olunub. İdmançılar və məşqçilər bir çox hallarda hakimlərin qərəzli qərarlar verdiyini iddia ediblər. Yarışdan sonra keçirilən iclas böyük qalmaqalla yadda qalıb.
İclasda gənclərdən ibarət Milli komandanın baş məşqçisi Elbrus Rzayevlə qalib idmançıların məşqçiləri arasında qalmaqal yaranıb. Elbrus Rzayev açıq şəkildə bildirib ki, Respublika Birinciliyində ikinci yeri tutan bəzi idmançıları komandaya qəbul etməyəcək. Həmçinin əlavə edib ki, bu yarışda ikinci yeri tutan idmançılardan birinin sinəsində döymə olduğu üçün onu da qəbul etməyəcək. Bu da böyük narazılıqla qarşılanıb.
E. Rzayev deyib ki, bu onun şəxsi qərarıdır və özü bildiyi kimi edəcək. Məşqçilər isə Elbrus Rzayevə xatırladıblar ki, gənclərdən ibarət Milli Komanda onun deyil, dövlətindir. Qaydalara əsasən, ikinci yer tutan idmançılar özü imtina etmədiyi halda milliyə qəbul edilməli, təlimlərdə iştirak etməli və beynəlxalq yarışlara dəvət olunmalıdırlar.
İdmançının sinəsində olan döyməyə görə onun milli komandaya üzv edilməməsi həm etik, həm də idman qaydaları baxımından ciddi mübahisələrə səbəb ola bilər. Belə qərarlar diskriminasiyadır və ədalətsiz hesab olunur.
Milli komanda idmançıların bacarıqlarına, performanslarına və nailiyyətlərinə əsasən formalaşdırılmalıdır. Döymə, idmançının şəxsi seçimi olmaqla yanaşı, onun idman sahəsindəki qabiliyyətlərinə təsir etmir. Bu səbəbdən döymə ilə bağlı qərar qəbul etmək idman prinsiplərinə ziddir. Beynəlxalq səviyyədə idmançılar arasında döymələr çox yayğındır və bu, onların peşəkar karyerasına mane olmur. Əksinə, bir çox idmançı döymələrini motivasiya mənbəyi və ya şəxsi simvol kimi istifadə edir.
Azərbaycan Boks Federasiyasının və ya milli komandanın rəsmi qaydalarında döymələrin qadağan edildiyinə dair konkret maddə yoxdursa, bu səbəblə idmançının milliyə qəbul edilməməsi qanunsuz və əsasızdır. Buna görə də, Azərbaycan Boks Federasiyası məsələyə rəsmi mövqe bildirməlidir. İdmançının performansı və nailiyyətləri nəzərə alınmalı, şəxsi xüsusiyyətləri ilə bağlı qərəzli yanaşmalara yol verilməməlidir.
Məsələni gündəmdə saxlayacağıq.