Dünyanın nüfuzlu elmi-pedaqoji jurnalları - Onlarda necə dərc olunmalı?

Dünyanın ən reytinqli elmi jurnalları ilə bağlı tədqiqatlarımızı davam etdiririk. Bu dəfə pedaqogika sahəsində aparıcı mövqeyə malik olan bəzi jurnallarla tanış olacağıq. Bəzən bu sahənin tədqiqatçıları elmi məqalələrini göndərdikləri jurnallar haqqında müfəssəl məlumata malik olmur, ayrı-ayrı vasitəçilərin “əli” ilə xarici jurnallarda dərc olunurlar. Nəticədə üzərində uzun müddət zəhmət çəkilən məqalə dünyada “yırtıcı jurnallar” adlanan jurnal alverçilərinin tələsinə düşür.

Həmin jurnallarda dərc olunan məqalələr, təbii ki, müvafiq indeks qurumları tərəfindən qəbul edilmir. Çəkilən zəhmət, üstəlik xərclənən vəsait də havaya sovrulur. Odur ki, elmi tədqiqat işi ilə məşğul olanlar öz sahələri üzrə dünyada qəbul olunan elmi nəşrləri tanımalı və o jurnallarda dərc olunmağın yollarını öyrənməlidirlər. Bunu özləri icra etməyi bacarmalıdırlar ki, vasitəçilərin tələsinə düşməsinlər. Populyar elmi jurnallar gələcəyin elminin rəsmini çəkir, onun necə olacağının proqnozlarını verir, ona çatmağın yollarını gəstərir.

Odur ki, bu jurnallar yalnız alimlər, elmi tədqiqatçılar üçün deyil, əslində hamı üçün əlçatan olmalıdır. Bu gün dünyanın elm və təhsil mənzərəsi əslində elm müəssislərində yaransa da, mətbuat vasitəsinə özünə ictimaiyyət arasında mövqe qazanır. Bu baxımdan elmi jurnalların rolu müstəsnadır. Elmi jurnallar dünyada elmin populyarlaşmasına, insanların elmə təşviq olunmasına, elmdə yeni-yeni uğurların əldə edilməsinə aparan bir yoldur... Bir sözlə, elmi jurnal elm dünyası içində bir dünyadır. Bu dünyanı adlayıb elm dünyasına daxil olmaq mümkündür.

Review of Educational Research (RER)

Review of Educational Research

Review of Educational Research (RER) (Təhsil tədqiqatlarının xülasəsi) jurnalı təhsil sahəsində aparılan ən yeni tədqiqatlarla oxucuların görüşünə gəlir. Amerikanın Təhsil Elmi Tədqiqatlar Assosiasiyası tərəfindən hazırlanan jurnal iki ayda bir dəfə nəşr olunur. Jurnal Q1 kateqoriyasına daxildir. Jurnalın əsası 1931-ci ildə qoyulub. Burada təhsilin və təhsil tədqiqatlarının bütün aspektləri, o cümlədən, tədris proqramları, müəllim hazırlığı, təhsilin idarə olunması, ali təhsil, təhsil nəzəriyyəsi və siyasəti məsələləri əhatə olunur. Jurnala təqdim edilən hər bir mövzu üzrə əsas tədqiqat işləri jurnalın tematik buraxılışlarında 3 illik dövr ərzində nəzərdən keçirilir. Buna görə də redaksiya kollegiyası hər üç ildən bir dəyişdirilir.

Bu, o məqsədi daşıyır ki, qarşıda gələn 3 illik dövr üçün müəyyən ediləcək redaksiya heyəti aparılacaq tədqiqat işlərinə uyğun seçilsin. Yəni redaksiya heyətinin üzvləri jurnala qəbul ediləcək tədqiqat işləri üzrə mütəxəssis olsunlar. Redaksiya heyəti öz fəaliyyəti dövründə elə tədqiqat işlərini jurnala cəlb edir ki, onlar təhsil və pedaqoji fikir üçün yenilik olsun və dünyanın elmi-pedaqoji ictimaiyyətinin diqqətini cəlb etsin. Heç də təsadüfi deyildir ki, RER Amerikanın elmi ədəbiyyatların nəşrini həyata keçirən müstəqil

SAGE – Publishing nəşr kompaniyası tərəfindən yayımlanır. Jurnalın növbəti 5 il üçün impakt faktoru 18.7, Hirş göstəricisi 153, ümumi reytinq göstəricisi 210-dür. Jurnalda psixologiya, sosiologiya, tarix, fəlsəfə, siyasətşünaslıq, iqtisadiyyat, informatika, statistika, antropologiya və biologiya sahəsini əhatə edən fundamental tədqiqat işləri də dərc olunur. Bu mövzuda tədqiqatlara bir şərtlə yer verilir ki, onların xülasəsi təhsillə bağlı sualları əhatə etsin. RER geniş inteqrativ xülasəyə malik olmayan emprik tədqiqatlara öz səhifələrində yer vermir.

Journal of the Learning Sciences

Journal of the Learning Sciences (Elmlərin tədrisi jurnalı) rəydən keçirilən akademik jurnaldır. 1991-ci ildə əsası qoyulan jurnal Elmlərin Tədrisi Beynəlxalq Cəmiyyətinin nəşrləri sırasınadır. Bu təşkilat fənlərarası emprik tədqiqatları həyata keçirir. Ümumiyyətlə, ayrı-ayrı təşkilatların elmi tədqiqatlar həyata keçirməsi müstəsna müsbət hal kimi dəyərləndirilə bilər. Bu, dünyada elmin inkişafına xidmətdir. Haqqında bəhs etdiyim jurnalın çapını Rutlec nəşriyyatı həyata keçirir. Nəşr öz səhifələrində pedaqogika və psixologiya sahəsində həyata keçirilən fundamental elmi tədqiqatların nəticələrini dərc edir. Oxucularım üçün maraqlı olacağını nəzərə alıb, jurnalın reytinq göstəricilərini diqqətə çatdırıram. Journal of the Learning Sciences jurnalının 2020-ci il üçün impakt faktoru 5.171 olub. 2020-ci ildə 5 illik impakt faktor 6.663 olaraq müəyyənləşdirilib. 2020-ci il üçün CiteStore göstəricisi 9.7-dir. Jurnal Q1 reytinqinə, 92 Hirşə malikdir.

International Journal of STEM Education

Beynəlxalq STEM Təhsil Jurnalı - TryEngineering.org Powered by IEEE

Elmin bütün sahələrinə açıq olan International Journal of STEM Education (STEM Təhsili Beyənlxalq Jurnal) jurnalı 2010-cu ildən nəşr olunmağa başlayıb. Jurnal 2012-ci ildən SpringerOpen-in brendi altında nəşr olunmaqla, daha geniş arealda yayımlanmağı hədəfləyir. International Journal of STEM Education jurnalı STEM sahəsində qlobal tədqiqatları nəşr etməklə, geniş oxucu auditoriyasına bu sahədə daha fundamental tədqiqatları çatdırmağı nəzərdə tutur. Jurnalla tanış olduqda da bunu aydın görmək mümkündür. Qeyd edim ki, SpringerOpen vasitəsilə yayımlanmaq müəlliflərə imkan verir ki, onlar daha geniş oxucu dairəsinə malik olsunlar, açıq giriş tələblərinə əməl olunsun, müəlliflik hüquqları etibarlı şəkildə qorunsun, nəhayət Springer brendi ilə yayımlanmaq imkanı əldə edilsin. Jurnalın impakt faktor göstəricisi 5.012-dir. Sosial elmlər üzrə SSCI – Citation Index-də indekslənən jurnalda dərc olunan məqalələrə Web of Science platformasına daxil olan axtarış sistemi ilə baxmaq mümkündür. Bu jurnalı mütaliə etmək Azərbaycan oxucuları üçün də maraqlı ola bilər. Bəlli olduğu kimi ölkəmizdə də STEM sahəsində

müəyyən işlər görülür. Azərbaycanlı mütəxəssislər də dünyanın nüfuzlu elmi jurnallarında bu istiqamətdə tədqiqat işləri ilə çıxış etsələr maraq doğurar.

Child Development

Child Development (Uşaq inkişafı) jurnalı uşaqların pedaqoji, psixoloji inkişafı ilə bağlı elmi tədqiqatların yer aldığı aparıcı jurnallarından biridir. 1930-cu ildə əsası qoyulan jurnal iki ayda bir dəfə nəşr olunur. Bəhs etdiyimiz digər jurnallar kimi Child Development nəşri də Q1 reytinqinə malikdir. Jurnalın impakt faktoru 5.38, Hirş indeksi 257-dir. Jurnal Scopus-da indekslənir. Jurnalın nəşrini uşaq inkişafının tədqiqi sahəsində fəaliyyət göstərən Willey-Blackwell nəşriyyatı həyata keçirir. Azərbaycanda uşaqların sosial, psixoloji inkişafı, pedaitriya, perinatologiya, uşaq sağlamlığı sahəsində tədqiqatlar aparan mütəxəssislərin bu jurnalda dərc olunmaları çox yaxşı olar. Jurnalın ümumi reytinq göstəricisi 612-yə bərabərdir. SCImago Journal Rank reytinqi isə 3.103-dür. SCImago Journal Rank jurnalın elmi əhəmiyyətini ölçən indikatordur. Jurnal, eyni zamanda ISO 4 (Beynəlxalq Standartlaşdırma Təşkilatı) göstəricisinə malikdir. (Davamı olacaq.)

Böyükağa MİKAYILLI