Dünyanın ən yüksək reytinqli elmi jurnalları

Onlar buna necə nail olurlar?

Müraciət etdiyi aktual elmi problemlərə, istinad sayına, dünyada yayım arealına görə elmi jurnallar müxtəlif reytinqə malikdirlər. Dünyanın nüfuzli alimləri dərc olunmaq üçün məhz bu jurnalları axtarır və öz elmi tədqiqatlarının nəticələrinə görə, çıxış etdikləri jurnalların reytinqini bir qədər də artırırlar. Necə deyərlər, nüfuz nüfuz gətirir. Dünyanın elm mənzərəsi məhz bu jurnalların elmi nəticələri, elmi təhlilləri ilə formalaşır.

Bu nəşrlərin səhifələrində yer almaq həm asan, həm də çətindir. Asandır ona görə ki, burada həqiqi elmi tədqiqatlar nəşr olunur. Yəni əgər elmi əsərin yüksək dəyərə malikdirsə, qarşında çap olunmaq üçün maneə yoxdur. Çətindir ona görə ki, həqiqi elmi tədqiqatları meydana gətirmək, araşdırdığın sahə üzrə fundamental elmi nəticələrə nail olmaq, dünyanın aparıcı elmi jurnallarının diqqətini tədqiq etdiyin mövzunun aktuallığına və elmi yeniliyinə inandırmaq asan deyil. Elmi jurnalları tədqiq edərkən diqqət çəkən məqamlardan biri də budur ki, elmi nəşrlər yüksək nüfuza və elmi potensiala malik olan tədqiqat müəssisələri, nəşriyyatlar tərəfindən həyata keçirilir. Bu da öz növbəsində tədqiqat işinin daha geniş auditoriyada yayılmasına, tədqiqatçıların diqqətini cəlb etməsinə, eyni zamanda yeni tədqiqatların yaranmasına imkan verir. Geniş auditoriyaya açıq olan elmi jurnallar elm və təcrübə arasında körpü rolu oynamaqla, elmin təcrübədə tətbiqi üçün əsas yaradır.

Diqqətimi cəlb edən digər bir məqam isə bundan ibarətdir ki, elmi nəşrlərin nəşr siyasəti oxucuya yalnız elmi məqalə təqdim etməkdən ibarət deyil. Yüksək impakt faktora malik elə jurnallar var ki, onlar oxucunu ruhlandıran, onda elmə maraq oyadan, elmin mahiyyətini obrazlı şəkildə təqdim edən məqalələrlə də oxucuların görüşünə gəlirlər.  

Araşdırmalar göstərir ki, impakt faktor ölçüsünə görə dünyada ilk yeri 1950-ci ildən Amerika Onkoloqlar Cəmiyyəti tərəfindən çap olunan CA (A Cancer Journal for Clinicians) jurnalı tutur. Bu jurnalın impakt faktoru 508.7 göstəricisinə malikdir. Jurnal bu inanılmaz göstəricini əldə etmək üçün uzun bir yol keçib. Xərçəng xəstəliyinin müalicəsi, profilaktikası, yaranma səbəbləri ilə bağlı elmi araşdırmaların dərc olunduğu jurnal dünyada yüksək reytinqə malikdir. İldə 6 dəfə çap olunan jurnalda yalnız nüfuzlu alimlərin elmi yeniliyə malik olan məqalələri yer alır.

Jurnalda dərc olunan məqalələr olduqca ciddi rəy mərhələlərindən keçirilir. Bu olduqca yaxşı təcrübədir. Yalnız tibb sahəsinin deyil, bütün elm sahələrində hazırlanan elmi məqalələrin yalnız ciddi mütəxəssis rəyindən keçdikdən sonra dərc olunması məqbuldur. Əks halda elmi nəticəsi olmayan məqalələr elmi jurnallara asanlıqla yol tapa bilir. 


İmpakt faktor göstəricisinə görə ikinci yerdə dayanan jurnal The New England Journal of Medicine (NEJM) jurnalıdır. Jurnal Massaçusets Tibb Cəmiyyəti tərəfindən ərsəyə gətirilir. Tibb sahəsi üzrə dünyanın ən qocaman elmi nəşrlərindən olan NEJM-in əsası 1812-ci ildə həkim Con Kollinz Uorren tərəfindən qoyulub. Jurnalın impakt faktor göstəricisi 80-dən artıqdır. Jurnal orijinal tədqiqat işlərinin nəticələrini, tematik məruzələri dərc etməklə oxucuların görüşünə gəlir. 

57.0 impakt faktor göstəricisinə görə dünya üçüncüsü olan elmi nəşr Nature Reviews Drug Discoveryjurnalıdır. Tibbsahəsiniəhatəedənjurnal 2002-ci ildənNature Publishing Group tərəfindənçapolunur. Jurnalfarmakologiyavəəczaçılıq, həmçininbiotexnologiyavətətbiqimikrobiologiya, toksiogenomika, bioəczaçılıq, vaksinasiya, tibbikimya, xəstəliklərəyeniterapevtikyanaşmalarsahəsindəelmitədqiqatlarıdərcedir. 

Chemical Reviews elmi jurnalı Amerika Kimya Cəmiyyəti tərəfindən ayda iki dəfə nəşr olunur. Jurnalın əsası 1924-cü ildə Uilyam Albert Noyes tərəfindən qoyulub. Jurnal kimyanın bütün sahələri üzrə elmi məqalələr dərc edir. 2015-ci ildən jurnala Şaron Hammes-Şiffer rəhbərlik edir. Jurnalın impakt faktor göstəricisi 47.9-dur. 
Dünyanın tibb sahəsində məşhur, qocaman və nüfuzlu elmi jurnallarından biri də Lancet jurnalıdır.

Bu jurnal 47.8 impakt faktor göstəricisi ilə 5-ci yerdə qərarlaşır. Jurnalda tibb sahəsinin problemləri ümumi şəkildə təqdim olunur. Lancet jurnalı 1823-cü ildə təsis olunub. Həmin il məşhur cərrah Tomas Uokli cərrahiyyə sahəsində dünyada aparılan tədqiqatları ümumiləşdirmək, onlar haqqında daha ətraflı məlumat əldə etmək, eləcə də elmi ictimaiyyəti problemlərin həlli sahəsində birgə fəaliyyətə istiqamətləndirmək məqsədi ilə bu elmi nəşrin əsasını qoyur. Fəaliyyəti ərzində Lancet jurnalı bir çox elmi araşdırmaları dünya ictimaiyyətinə çatdırmaqla, elmi kəşflərin ilk çarçısına çevrilib.

1991-ci ildə jurnal Elseiver tərəfindən alınıb. Bununla da elmi jurnalın daha geniş əhatədə yayımlanması üçün geniş imkanlar yaranıb. Lancet jurnalının Londonda, Nyu-Yorkda, Pekində redaksiya ofisləri mövcuddur. 

Lancet jurnalının The Lancet Neurology, The Lancet Oncology, Lancet Infectious Diseases (infeksion xəstəliklər), The Lancet Diabetes & Endocrinology və digər adlarda xüsusiləşdirilmiş nömrələri də dərc olunur. Jurnalın ixtisaslaşması imkan verir ki, konkret sahələr üzrə mütəxəssislər öz elmi tədqiqat işlərini daha optimal yollarla oxuculara çatdırsınlar.

Qeyd edim ki, Lancet-in xüsusiləşdirilmiş nömrələri də böyük impakt faktor göstəricisinə malikdirlər. Məsələn, The Lancet Neurology-da bu göstərici 21.66,  The Lancet Oncology-da 17.76, The Lancet Infectious Diseases-da 16.14-dür. Lancet-n tələbələr üçün nəşr olunan The Lancet Student onlayn jurnalı tibb sahəsində təhsil alan tələbələr arasında məşhurdur.

Bu elmi nəşr tələbələrin elmi tədqiqatlarını nəşr etməklə, onları hələ tələbə yaşlarından elmi tədqiqat meydanına atılmalarına, elmi ictimaiyyətlə əlaqələrinin yaranmasına, ümumilikdə tələbələrin elmə marağının stimullaşmasına yol açır. Dünyada məşhur olan tələbə elmi nəşrinin mövcud olması olduqca yaxşı təcrübədir. 

Tibb elminin nüfuzlu nəşrləri arasında yer tutan jurnallardan biri də The Journal of the American Medical Association (JAMA) beynəlxalq həftəlik elmi nəşridir. Bu jurnal dünyada tibb sahəsində istinad olunan ən əhəmiyyətli jurnalllardan biri kimi götürülür. Jurnal 44.405 impakt faktor göstəricisinə malikdir. Jurnalın nəşrini American Medical Association həyata keçirir. Jurnal daimi olaraq baş redaktorun qeydləri, rəylər, tibb xəbərləri, xülasə çıxarışları, original tədqiqatlar, yazışmalar, statistik məlumatlar, esselərlə oxucunun görüşünə gəlir. 

Araşdırmadan da göründüyü kimi, dünyanın nüfuzlu elmi jurnalları arasında əsas yeri tibb sahəsində olan jurnallar tutmaqdadır. Bu da onun göstəricisidir ki, tibb sahəsində son illər fundamental tədqiqatlar aparılır və onların nəticələri elmi jurnallarda dərc olunmaqla, bu nəşrlərin reytinq sıralamasındakı mövqeyini yüksəldir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.

Hədəfimiz və məqsədimiz yüksək impakt faktorlu jurnallar haqqında oxucuda geniş təsəvvür yaratmaq, müəyyən mənada məqalə nəşri ilə bağlı yarana biləcək hər hansı bir neqativ halın qarşısını müəyyən qədər almaqdır.

Dünyanın yüksək impakt faktora malik elmi nəşrləri arasında təhsil və pedaqoji elm sahəsinə aid jurnallar yoxdur. Əlbəttə belə jurnallar, tam yoxdur, demək olmaz. Var, amma onlar daha aşağı impakt faktora malikdirlər. Bu da öz növbəsində deməyə əsas verir ki, bu istiqamətdə son illər aparılan araşdırmalar dünya elmi ictimaiyyətinin diqqətini cəlb etmir. Təhsil texnologiyaları, pedaqoji elm, təlim-tərbiyə məsələləri cəmiyyətin ən aktual problemidir. Cəmiyyətin mənəvi sağlamlığı onun fiziki sağlamlığı kimi önəmlidir. Bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var.

Böyükağa MİKAYILLI