Dövlət Gömruk Komitəsində dərin yoxlamalar başlanıb - Səfər Mehdiyev hardadır?

Dövlət Gömrük Komitəsində dərin yoxlamalar başlayıb. 

Bizimxeber.az-a daxil olan məlumata görə, yoxlamalar əsasən ölkəyə idxal və ixrac olunan malların bəyənnamələri, vergi rüsumlarından və daxilomlarından yayınma, qanunsuz fəaliyyət göstərən şirkətlərin kimlərə məxsus olması, günahsız insanlara yazılan 100 min manatlarla vergi borclarının necə yaranması istiqamətində qurulub. Gömrük generallarının fəaliyyəti və şöbə müdirlərinin işi araşdırılır.

Məlumat üçün bildirək ki, iki gün öncə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb və Cinayət Məcəlləsinin 308, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Eyni zamanda yükdaşımalar üzrə fəaliyyət göstərən monopolist şirkətlərdə də əməliyyat keçirilib, açıqlanan ilkin məlumata görə, "Şah" Kargo şirkətinin rəhbəri Muxtar Məmmədov da həbs edilib.

Bütün baş verənlərin fonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Prezident Administrasiyasına çağırılması ilə bağlı məlumatlar da yayılıb.

Bəzi məlumata görə, Səfər Mehdiyev ötən gündən vəzifədən kənarlaşdırılıb. Gömrük Komitəsinə nəzarət müvəqqəti olaraq, İstisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədova həvalə olunub.