Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 2 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina icarəyə götürür.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 015 378,64 manatdır. İcarəyə götürüləcək ofisin sahəsi 1293,9 kvadratmetrdir. İcarə müddəti barədə heç bir qeyd yoxdur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Avtomotoservis" ASC-nin adına rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, şirkət uzun müddətdir fəaliyyət göstərir. Nizamnamə kapitalı 521 842 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynli Məharət Ədalət oğludur.
Məharət Hüseynli hüquqşünasdır. O, ötən il "Şəhər Bağları" yaşayış massivində Tofiq Hüseynov adlı 73 yaşlı kişini döyməklə gündəmə gəlib. Bu olayın videogörüntüləri də yayılıb.
Həmin vaxt media Məharət Hüseynlini vəkil kimi təqdim edib. Lakin Vəkillər Kollegiyası açıqlama yayaraq onun qurumun üzvü olmadığını bildirib.
Məharət Hüseynlinin özü isə hadisəni təkzib edib. "Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm”, deyə o bildirib. Məharət Hüseynlinin adına "İdeal" mağazalar şəbəkəsinin sahibi olmuş İlqar İsmayılovla AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun xanımı Zemfira Həmzəyeva arasındakı məhkəmə çəkişməsində də rast gəlinir. Məharət Hüseynli bu işdə Zemfira Həmzəyevanın nümayəndəsi kimi çıxış edib.