Deputat spikerin müdafiəsinə qalxdı - Sabir Rüstəmxanlıya qarşı çıxdı


"Dünən bəzi media nümayəndələri bu başlıqla xəbər tirajladı: “Sahibə Qafarova yenə əşəbləşdi”. Hesab edirəm ki, bu səhv təqdimat və yalnış başlıq idi".

Bizimxeber.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Onun sözlərinə görə, Sabir Rüstəmxanlı cənab Prezident İlham Əliyev tərəfindən təqdim edilən qanun layihəsini kosmetik sənəd adlandırdı və onun fəaliyyətini tənqid etdi: "Cənab Prezidentin təqdim etdiyi qanun layihəsinin məqsədi isə işsiz şəxslərin sığorta alması üçün hüquqi bazanın təkmilləşdirilməsi, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi idi.

Sahibə xanım da üzvü olduğu Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezidentin siyasətini və onun fəaliyyətini müdafiə etdi. YAP İdarə heyətinin üzvü kimi mən də Sahibə xanımın çıxışını alqışladım. Sabir Rüstəmxanlı bu alqış sədalarına əsəbiləşdi və bunu “tərbiyəsizlik” adlandırdı. Necə olur ki, Sabir müəllim Ali Baş Komandanı tənqid edə bilir, onun təqdim etdiyi sənədə kosmetik sənəd deyir, ancaq biz cənab Prezidentə dəstək çıxışını alqışlayanda tərbiyəsiz oluruq?!

Yaxşı xatırlıyıram ki, Cavid Osmanov AXC-Müsavat cütlüyünün xəyanatından danışanda, Sabir Rüstəmxanlı gənc deputatların bu məsələlərdə danışmağa mənəvi hüququnun olmadığını demişdi.

Sabir müəllim, Azərbaycan bizik, Milli Məclis bizik, daha çox bizik. Gənc deputat kimi istənilən məsələdə fikirlərimizi də ifadə etməkdə sərbəst və səlahiyyətliyik. Hesab edirəm ki, elə daha çox bizim mənəvi hüququmuz var.

Media qurumların bu cür başlıqla yazısına da təəssüf edirəm. Düzgün başlıq belə ola bilərdi: “Sabir Rüstəmxanlı Prezidenti tənqid etdi, Sahibə Qafarova onu müdafiə etdi!” Çünki dünənki iclasda baş verən əsas məsələ bu idi".