Çopur Əli (tam adı Məşədi Rza oğlu Əli: 1895, Gürcüstanın Borçalı qəzasının Aşağı Saral kəndi – 1933, Gürcüstanın Borçalı qəzasının Aşağı Saral kəndi) 1918-ci ildə erməni-gürcü müharibəsinin sona çatmasında rolu olan həmin müharibənin qəhrəmanı və el igididir. Əslən Cənubi Azərbaycanın Təbriz və Mərənd şəhərləri arasında yerləşən Şordərə kəndindəndir.
1918-ci ildə onun Sarvan (hazırda Marneuli rayonu) rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində ermənilərlə döyüşdəki göstərdiyi qəhrəmanlıq Borçalıda dillər əzbəri olmuşdur. Hazırda da onun qəhrəmanlığı unudulmur, adı hörmətlə yad edilir. Çünki onun Sadaxlı kəndində ermənilərlə döyüşlərdəki qələbəsini görən erməni dövlət rəhbərləri Gürcüstana sülh sazişi bağlamaq təklifi vermişdir.
1918-ci ildə göstərdiyi igidliyə görə pulemyotçu Çopur Əli dövlət ordeni ilə təltif olunmuşdur. Qaçaq olmasının səbəbi Gürcüstanda bolşeviklərə qarşı mübarizə aparmasıdır. O, qardaşı Vəli və Aşağı Saral kəndinin cavanları ilə bolşevik hökumətinə qarşı ölənə qədər vuruşmuşdur. 1933-cü ildə doğulduğu Aşağı Saral kəndinin ortasında NKVD tərəfindən güllələnmişdir. Qəbri indiyə qədər məlum deyil.
Marneuli rayonunun Aşağı Saral kəndindən olan gənc yazıçı İradə Qaracalının “Bir dön geri yurduna bax” kitabında Çopur Əlinin igidliyi haqqında çoxlu maraqlı məlumatlar verilmişdir. Belə ki, “Müəllifdən” bölməsində müəllif yazır: “El qəhrəmanı Çopur Əli haqqında xatirələr Aşağı Saralın tarix səlnaməsinin ən şanlı səhifələrindən biridir” (səh. 11).
“Yaxın-uzaq tariximizdən” bölməsində qeyd edilmişdir: “Qaçaq Kərəm, Qaçaq Süleyman, Borçalı Səməd bəy, Halay Mursaqulov, Çopur Əli və s. neçə-neçə adı xalqımızın qəlbində özünə yer tapmış ərənlərimiz bu yerlərdə hünər göstərmişlər” (səh. 15).
Yenə də həmin bölmədə Çopur Əlinin igidliyi haqqında yazılmışdır: Borçalı övladı şair Yetim Mahmud “İnsan harayı” şerlər kitabında “Var mənim” şeirində belə yazmışdır:
Aşağı Saraldan o, Çopur Əli,
Ellər qəlbindədir onun heykəli,
Dözüm meydanında Rüstəm nərəli,
Yazılmamış dastanlarım var mənim.
(səh.15)
“Xatirələrlə dolu ulu Saral” bölməsində qeyd edilmişdir: «El qəhrəmanlarından olan Çopur Əlini arxadan güllələmək istəyirlər. O isə sinəsini çevirib və deyib: “Məni arxamdan yox, siməndən güllələyin”. Belə qəhrəman qorxmaz və igid oğullar yetişdirib Saral eli. (səh.46-47).
P.S. bölməsində isə deyilir: “El qəhrəmanı Çopur Əli haqqında kəndimizin cavanlarının məlumatları çox deyildir. Bəziləri isə sadəcə onun adını eşitdiklərini söyləyirlər. Qonşu Sadaxlı kəndində isə böyüklü- kiçikli onun haqqında ürəkdən gələn sözləri deyirlər. Əslən Xüldərə kəndindən olan qeyrətli el oğlumuz Süleyman Berdiyev dedi ki, Sadaxlıda böyük qəhrəmanlıqlar göstərib və el bu vətənpərvər oğlunu unutmur”. Heykəlləşən, abidələşən bir Əli yaşayır Sadaxlıda. Murdar ermənilərin cavabını layiqincə verən və əfsanələrdə yaşayan Çopur Əli.
Aşağı Saraldan yolu düşənlər onu yad edib, gömüldüyü torpağa onu yetirən el-obaya minnətdarlıq edirlər (səh. 61).
“Aşağı Saral kəndinin özünəməxsusluğu” bölməsində yazılır: Söhbətimizə Tahir müəllim bələddçilik etdi – Aşağı Saral kəndinin el-oba təəssübü çəkən və sözükeçən igid adamları çox olub. Çopur Əli kasıbları həmişə müdafiə edib və onlara yardımçı olub. 1918-ci il erməni-gürcü davasında “Qız Qalası” adlanan yerdə və sonra Sadaxlı kəndində ermənilərin qabağını pulemyotla kəsib və onları qıraraq kəndlərə buraxmayıb. O, sovet hökuməti vaxtında namərd adamlar tərəfindən güllə ilə vurulub.
Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarapapaqlılar jurnalının baş redaktoru Akif Xansultanlı “Aşağı və Yuxarı Saral” məqaləsində yazır: “Tarix boyu şərəfli ömür yaşayan Saral camaatı 20-ci əsrin əvvəllərində də Qarapapaq türkünə məxsus mərdliyi ilə seçilmiş, düşmənə ən layiqli cavabı bizimkilər vermişdir. Ermənistanın Gürcüstana ərazi iddiaları onların vəhşi işğalçılıq hücumları ilə nəticələnsə də, bu hücumların qabağında kişi kimi duruş gətirən Qarapapaq dədələrimiz ermənilərə elə bir dərs vermişdilər ki, bu gün də bunları hamımız fəxrlə xatırlayır və Çopur Əli kimi el igidi ilə qürur duyuruq”.
1918-19-cu illərdə ermənilərin canına vəlvələ salan Çopur Əlinin qəhrəmanlığı ilə bağlı ağsaqqallar çoxlu əhvalatlar danışsalar da, biz yazıçı Əli Abbasın qələminə hörmət edirik və bu mövzunu əhatəli işıqlandırmaqdan imtina edirik. Çünki Əli Abbas bu xalq qəhrəmanı haqqında kitab hazırlayıb. Sadaxlı ətrafında gedən döyüşlərdə də onun igidliyi ilə bağlı maraqlı əhvalatlar var. Ermənilərin Sadaxlı istiqamətindəki hücumlarını Çopur Əlinin rəhbərliyi altında xalqın say-seçmə oğulları saxlamış, düşməni elə hala salmışlar ki, erməni dövlət rəhbərləri Gürcüstana sülh təklifi vermək məcburiyyətində qalmışlar.
Çopur Əli 1933-cü ildə bir sui-qəsdin qurbanı olmuşdur. İnqilabdan sonra bolşeviklərə qarşı uzun müddət Çopur Əli qardaşı Vəli, dostları Qaraca evindən Alı, İsmayıl, Niftalı və başqaları ilə birlikdə mübarizə aparmışlar. Bu mərd insanların əksəriyyəti 30-cu illərdə bolşeviklər tərəfindən güllələnmişdir.
Qeyd etmək lazımdır ki, qaçaq Çopur Əlinin bir oğul nəvəsi, ali kateqoriyalı müəllim Rzayev Əlövsət 1998-ci ildə Azərbaycan Respublikasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əlavə Əlövsət müəllim “Qabaqcıl təhsil işçisi” döş nişanına və 2010-cu ildə “Tərəqqi” medalına da layiq görülmüşdür.
Çopur Əlinin qəhrəmanlığından bəhs edən kitablarda konkret olaraq göstərilir ki, onun səyləri nəticəsində Sadaxlı kəndi erməni basqınçılarından azad olunub.
Nəticədə ermənilər geri çəkilməyə məcbur olmuşlar. 1918-ci ildə ölümün gözünə dik baxa-baxa özünü güllənin qabağına verən Çopur Əlini, 15 il sonra qanı bahasına azad etdiyi Aşağı Saral kəndinin ortasında NKVD işçiləri tərəfindən 12 yaşlı qardaşı qızı Fatmanın gözü qarşısında güllələdilər. Yazıq qızcığaz balaca Fatma əmisinin nəşini qucaqlayaraq, ürəyi partladı.
Filologiya elmləri doktoru, professor, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şurəddin Məmmədlinin “Gürcüstan Azərbaycanlıları” kitabında 1918-ci il qəhrəmanı Çopur Əlinin adını qeyd etmişdir (səh.69).
Həmin kitabın Fotoqalereya: "Məşhurlar” bölməsində 48 gürcüstanlı məşhurların şəkilləri arasında Çopur Əlinin də şəkili yer alır(səh.103).
Şurəddin Məmmədli – digər “Paralanmış Borçalı” kitabında Çopur Əli haqqında yazır : “Yerli sakinlərin yaddaş boxçasından: Aşağı Saral ilə Dəmyə Görarxı kəndləri arasında dərədə erməniləri pis vəziyyətə salan Çopur Əlinin dəstəsi düşmənləri pulemyotun qabağına qataraq elə bir divan tutdular ki, ermənilər qaçmağa belə macal tapmadılar.
Təkcə ermənilərin komandiri bu fürsəti əldən verməyib qaçmağa cəhd göstərib. Lakin Çopur Əli özü bu işə son qoydu: “Düşmən yalnız mənim meyidimin üzərindən keçərək mənim kəndimi ala bilər” dedi. O, erməni zabitinin üzərinə şığıyaraq, ilk zərbədəcə xəncərlə onun başını bədənindən ayırdı”.
Döyüşdə iştirak etmiş el oğulları nəql edirlər ki, erməni kəlləsi dərə aşağı danışa-danışa diyirlənirmiş. Sarallılar Çopur Əlinin döyüş yerlərini də nişan verməkdədirlər (səh. 37).
Maraqlıdır ki, həmin kitabda Çopur Əlinin rəngli fotoşəkili də verilmişdir və şəkilin altında bu sözlər yazılmışdır: "1918-ci ildə ermənilərə qan udduran Çopur Əli" (səh. 81).
Çopur Əlinin adı haqqında məlumatların çoxu yalnız yaxın kəndlərdə və Sadaxlıda yad edilmir. Burada yaşayan insanlar, onun qəhrəmanlıqlarını heç vaxt unutmur və hər zaman dərin hörmətlə xatırlayırlar.
Çopur Əli, həyatı boyunca cəsur, mərd və vətənpərvər olmuşdur. Hətta ölümündən sonra belə adı hələ də dillərdən düşmür və el-obasında, xüsusuilə, Aşağı Saralda qəhrəmanlığı yad edilir. Çopur Əli bu gün də Borçalıda və bütün Azərbaycan xalqı arasında unudulmaz bir qəhrəman olaraq qalır.
Çopur Əlinin xatirəsi və qəhrəmanlığı bütün Azərbaycan xalqının vətənpərvərlik hisslərinin bir simvolu olaraq bu gün də yaşamaqdadır.
Eyni zamanda, Çopur Əlinin mübarizəsinə aid olan çoxsaylı faktlar və əhvalatlar müasir nəsil üçün böyük əhəmiyyət kəsb edir və onlara igidlik, vətənpərvərlik, cəsarət və əzm dərsləri verir. Çopur Əlinin adı hələ də Azərbaycanın ən əzəmətli qəhrəmanlardından biri olaraq, yaddaşlarda yaşayacaqdır.
Qeyd edək ki, yazıçı Əli Abbas 2007-ci ildə Çopur Əlinin qəhrəmanlığı haqqında “Çopur Əli” sənədli povest yazmışdır.
Qabaqcil təhsil işçisi,
“Tərəqqi” medallı müəllim Əlövsət Rzayev