Azərbaycan 2024-cü ilin noyabrında COP 29 (İqlim Dəyişikliyi üzrə Konfrans) tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Bu, ölkəmiz üçün böyük bir beynəlxalq nailiyyət kimi dəyərləndirilsə də, belə tədbirlərə olan ictimai münasibət birmənalı deyil.
Bu kimi tədbirlər Azərbaycanın beynəlxalq arenada özünü tanıtmaq cəhdləri, inkişaf göstəriciləri olaraq qiymətləndirilsə də, sıravi vətəndaş üçün bu, real faydalar gətirmir düşüncəsi yaradır.
Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi bu cür tədbirləri dövlətin özünü qlobal səviyyədə təbliğ etmək vasitəsi kimi görür və onları daha çox sosial problemlərin həlli üçün təcili tədbirlərin görülməsini tələb edir.
COP 29 kimi tədbirlər böyük ölçüdə siyasi bir platformadır. Bu cür konfranslar, xüsusilə də iqlim dəyişikliyi mövzusu ətrafında toplanan dünya liderləri, yalnız ekoloji məsələlərə deyil, həm də geosiyasi əlaqələrə təsir göstərir. Azərbaycan, bu cür tədbirlərə ev sahibliyi edərək, özünü regional lider kimi təqdim etməyə çalışır.
Ölkənin əsas məqsədi, iqtisadi əməkdaşlığı genişləndirmək, xarici investisiyaları cəlb etmək və beynəlxalq səviyyədə etibar qazanmaqdır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və enerji resursları bu tədbirləri daha da önəmli edir.
Neft və qaz sektorunda qlobal enerji tədarükçüsü kimi əhəmiyyətli rol oynayan Azərbaycan, iqlim dəyişikliyi mövzularında iştirakı ilə özünü həm də ekoloji siyasətə bağlı bir ölkə kimi göstərmək istəyir.
Bu, xüsusilə Qərb ölkələri ilə münasibətləri gücləndirmək, Avropa və Amerika bazarlarına çıxışı asanlaşdırmaq baxımından vacibdir. COP 29-un Azərbaycanda keçirilməsi, enerji sektorundakı müzakirələr və iqlim dəyişikliyinə qarşı mübarizə üçün yeni həll yolları axtaran dünya dövlətlərinin diqqətini çəkmək məqsədi daşıyır.
Bununla yanaşı, ölkənin beynəlxalq imicini yenidən formalaşdırmaq və neftdən kənar sahələrə investisiyaları cəlb etmək məqsədi də güdülür.
Amma...
Vətəndaşlar niyə narazıdır?
Beynəlxalq tədbirlərin ölkə siyasətində və iqtisadi inkişafında mühüm rolu olsa da, sıravi Azərbaycan vətəndaşı üçün bu cür tədbirlər bəzən həyatlarına mənfi təsir göstərir. Azərbaycanın böyük hissəsi, xüsusilə paytaxt Bakı, artıq kəskin sosial və iqtisadi problemlər yaşayır.
Bu narazılıqların kökləri tıxaclar, sosial xidmətlərin çatışmazlığı, bahalaşma, işsizlik və real gəlir azalması kimi problemlərə əsaslanır. Tıxaclar və nəqliyyat problemləri beynəlxalq tədbirlər zamanı daha da kəskinləşir. Yolların bağlanması, nəqliyyatın pozulması və müvəqqəti olaraq həyatın müəyyən sahələrinin dayanması insanların gündəlik fəaliyyətini məhdudlaşdırır.
Belə şəraitdə sıravi vətəndaş üçün beynəlxalq tədbirlərin faydaları görünməz olur. Nəticədə, insanlar belə tədbirlərin yalnız siyasi və iqtisadi elitaların maraqlarına xidmət etdiyini düşünür və bu narazılıqlar onları cəmiyyət daxilində hökumətə qarşı daha skeptik yanaşmağa vadar edir.
Bakı və digər böyük şəhərlərdə insanların beynəlxalq tədbirlər zamanı narazı olmasına baxmayaraq, bölgələrdə yaşayan vətəndaşlar da bu tədbirlərə qarşı eyni mövqeyi sərgiləyirlər. Bu, sosial bərabərsizlik və iqtisadi çətinliklərin bütün ölkə ərazisində dərin təsirlər yaratdığına işarədir.
Hətta beynəlxalq tədbirlərdən birbaşa təsirlənməyən bölgələrdə yaşayanlar da narazıdır. Deməli, problemin kökü tək tıxac, sosial problemlər və sairə deyil. Vətəndaş öncəki belə tədbirlərin köklü nəticələrini hiss etməyib və ya dövlət bunu hiss etdirə bilməyib. Çünki onların əsas problemləri – işsizlik, sosial təminat çatışmazlığı və həyat səviyyəsinin aşağı olmasıdır və illərdir davam edir.
Azərbaycan vətəndaşlarının beynəlxalq tədbirlərə qarşı məlum mövqeyinın əsas səbəblərindən biri də dövlət resurslarının və diqqətinin daha çox bu cür tədbirlərə yönəldilməsi, sosial problemlərin isə həll olunmamasıdır.
Bu cür tədbirlər üçün ayrılan vəsaitlərin və resursların sosial rifah proqramlarına yönəldilməsini istəyən vətəndaşlar üçün böyük tədbirlər “israf” kimi görünür. Ölkədə iqtisadi qeyri-sabitlik, işsizlik və yaşayış səviyyəsinin aşağı olması fonunda bu cür narazılıq təbii qarşılanmalıdır.
Təhsil, səhiyyə, yaşayış şəraiti kimi sahələrdə çatışmazlıqlar xalq arasında əsas narahatlıq doğuran məsələlərdir. Dövlətin bu sahələrdə kifayət qədər səmərəli siyasət yürütmədiyi düşünülür, nəticədə vətəndaşlar hökumətə qarşı daha tənqidi yanaşmağa başlayırlar.
Beynəlxalq tədbirlər isə bu tənqidin güclənməsinə səbəb olur, çünki belə tədbirlər zamanı vətəndaşlar öz gündəlik ehtiyaclarına daha az diqqət yetirildiyini hiss edir.
Beynəlxalq tədbirlər həm də siyasi elitanın daxili legitimliyini möhkəmləndirmək və beynəlxalq səviyyədə prestij qazanmaq üçün bir vasitədir. Belə tədbirlər siyasi elitanın özünü qlobal liderlər arasında qəbul etdirməsi, xarici investisiya cəlb etmək və öz siyasi hakimiyyətini gücləndirmək üçün bir platformadır.
Lakin bu strategiya daxili siyasətdə hər zaman uğurlu olmur. Beynəlxalq arenada imic formalaşdırmaq cəhdləri ölkə daxilində sosial və iqtisadi problemləri həll etmədiyi üçün vətəndaşlar arasında narazılıqlar artır. Sosial rifah proqramlarının çatışmazlığı, işsizlik və gəlir qeyri-bərabərliyi kimi məsələlər daxili siyasətdə daha vacib problemlər kimi görünür və bu problemlərin həll olunmaması hökumətə olan etimadı zəiflədir.
Beynəlxalq tədbirlərin gələcəyə təsiri
Azərbaycan kimi kiçik ölkələr üçün beynəlxalq tədbirlər, qlobal səviyyədə özünü tanıtmaq, iqtisadiyyatın diversifikasiyası və yeni əməkdaşlıqların qurulması üçün vacibdir. Lakin bu cür tədbirlərin uzunmüddətli faydaları daha çox gələcəyə yönəldilmiş olur və dərhal nəticələr vermir. Əgər dövlət bu tədbirlərin yaratdığı imkanlardan düzgün istifadə edərsə, bu tədbirlər yeni iş yerlərinin açılmasına, turizmin inkişafına və xarici investisiyaların cəlb olunmasına səbəb ola bilər.
Olacaqmı?
Ədil Hüseynov