Consonun anası dünyasını dəyişdi

İngiltərə Baş nazirinin portretçi rəssam olan anası Şarlotta Conson Val 79 yaşında parkinson xəstəliyindən vəfat edib. Bizimxeber.az xəbər verir ki, ailənin “Daily Telegraph”a verdiyi açıqlamada Conson Valın bazar ertəsi günü London xəstəxanalarından birində “qəfildən və sakit şəkildə” öldüyü bildirilib.

Anasını ailənin “ən əsas avtoriteti” adlandıran Baş nazir 2019-cu ildə özünün Mühafizəkarlar Partiyasında ilk konfransında deyib ki, anası ona “planetdəki hər bir insanın bərabər əhəmiyyət, bərabər ləyaqət və bərabər dəyər” olduğunu öyrədib.

Şarlotta söhbətlərinin birində Baş nazir olan oğluna Boris adını qoymağının tarixçəsini danışıb: “Hamiləliyimin üçüncü ayında narahat bir avtobusda Mexiko şəhərinə gedirdik. Orda bizimlə birlikdə gedən Boris Litvin adlı bir kişi bu cür avtobusda bu halımda yorulmayım deyə geri qayıtmaq üçün mənə iki dənə birinci dərəcəli təyyarə bileti hədiyyə etdi. O qədər minnətdar idim ki, ona dedim: “Uşaq qız, ya oğlan olur-olsun, fərq etməz, ona Boris adı qoyacam”.