Çin təhdidinə cavab - ABŞ yeni strateji bombardmançı təqdim etdi

ABŞ Hərbi Hava Qüvvələri dünyanın yeganə altıncı nəsil təyyarəsi olan yeni strateji bombardmançı "B-21 Raider"i təqdim edib.

Bizimxeber.az bildirir ki, bu, Vaşinqtonun Çindən artan təhlükəyə cavabıdır.

B-21 Raider ABŞ Hərbi Hava Qüvvələrinin Palmdaledəki (Kaliforniya) zavodunda təqdim edilib. Bu, ABŞ-ın 30 ildən artıq müddətdə açıq şəkildə nümayiş etdirdiyi ilk bombardmançıdır. 

“Bu, başqa bir təyyarə deyil. Bu, Amerikanın hamımızın sevdiyimiz ölkəmizi müdafiə etmək əzminin təcəssümüdür” - deyə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. 

B-21 Raider-in inkişafı ABŞ və Çin arasında potensial münaqişə ilə bağlı artan narahatlıqlara cavabdır. 

Pentaqonun noyabrın sonunda açıqladığı illik hesabata əsasən, Pekin 2035-ci ilə qədər nüvə silahlarının sayını 1500-ə çatdırmaq niyyətindədir. Eyni zamanda, ABŞ hərbi departamenti Çinin hipersəs silahları, kibermüharibə və kosmosda uğurunu qeyd edib.

"B-21 Raider" həm nüvə silahlarını, həm də adi bombaları vurmağa qadirdir. Zərbələrdən əlavə, təyyarə məlumat toplaya bilir.

Northrop Grumman-ın baş icraçı direktoru Keti Uordenin dediyinə görə, B-21-də daha inkişaf etmiş hesablama gücü var. O, həmçinin B-2 bombardmançı təyyarəsindən daha uzun məsafələrə uça bilir. B-21 Raider Northrop Grumman tərəfindən hazırlanır. Şirkətlə ABŞ Müdafiə Nazirliyi arasında təyyarənin yaradılmasına dair müqavilə 2015-ci ildə imzalanıb.

Ostin bildirib ki, bombardmançının örtüyü təyyarəni aşkar etməyi çətinləşdirən daha təkmil materiallardan hazırlanıb. Hərbi analitiklər qeyd edirlər ki, təyyarə düşmən radarlarını aldatmağa və özünü başqa obyekt kimi gizlətməyə imkan verən elektron emissiyalara nəzarətin yeni üsullarından istifadə edir. Hətta ən qabaqcıl hava hücumundan müdafiə sistemləri B-21-i səmada aşkar edə bilməyəcək.

Hazırda istehsalda altı B-21 bombardmançı təyyarəsi var. Ümumilikdə, ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrdən 100 ədəd istehsal etməyi planlaşdırır.

Eyni zamanda, B-21 Raider-in dəqiq qiyməti məlum deyil. Northrop Grumman şirkətinin baş icraçı direktoru Keti Uorden bildirib ki , B-21 Raider ilk uçuşunu 2023-cü ilin ortalarında edəcək . Hazırkı mərhələdə bombardmançının xüsusiyyətlərini yoxlamaq üçün rəqəmsal əkizdən istifadə edilib.