Çin hansı halda Tayvanı zorla ələ keçirə bilər? - Pekin açıqladı

Çin hakimiyyəti Tayvanla "dinc yolla birləşməyə” ümid edir, lakin lazım gələrsə, hərbi senariyə hazırdır.

"Rosbalt" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsi məlumat yayıb. "Biz kənar qüvvələrin və "Tayvanın müstəqilliyini” dəstəkləyən azsaylı separatçıların müdaxiləsinə qarşı tədbir görmək hüququmuzu özümüzdə saxlayırıq”, - bəyanatda deyilir.

Ada üzərində nəzarətin güc yolu ilə qurulması Tayvanın müstəqillik tərəfdarlarının "təxribatları və qırmızı xətləri pozması" halında mümkündür.

Xatırladaq ki, Tayvan ətrafında vəziyyət avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin adaya gəlməsi ilə gərginləşib. Çin hakimiyyəti bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.