Ceyhun Bayramov Qarabağda yaşayan ermənilərdən danışdı

"Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır".

Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbəri qeyd edib ki, məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərdəndir: "Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir".

Nazir əlavə edib ki, azad edilmiş ərazilərin mina ilə kütləvi çirklənməsi Azərbaycan Hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur:

"Ən əsası, bu, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri dönmək hüququnun həyata keçirilməsinə təsir göstərir. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir ki, Ermənistan bunun əvəzinə davamlı sülh və inkişaf üçün unikal imkandan istifadə etsin. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur.

Beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün bir şərtdir. Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir və bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir".