Cəmil Babayevin qaytarılması barədə RƏSMİ MƏLUMAT

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərin əsirliyində olan azərbaycanlı hərbçi Cəmil Babayevin geri qaytarılması barədə məlumat yayıb.

Dövlət Komissiyasından verilən məlumata görə, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq azad edilib. Onlar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 7 sentyabr 2021-ci ildə Ermənistana təhvil verilib.

Eyni zamanda, 25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.