“Camaatın əsəbləri ilə oynayırıq”

“Azərbaycan cəmiyyətini narahat edən məsələ rüsum və cərimə ilə bağlıdır. Hamısı arta-arta gedir. Araşdırmaq lazımdır ki, bu 50 faiz ikiqat artma camaatın maaşına uyğun gəlir, ya yox?!”

Bizimxeber.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib. O qeyd edib ki, cərimələr bütün sahələrə aiddir: “Məsələn, çıxırsan maşınla. Bir də axşam gəlirsən ki, 60 manat cəriməyə düşmüsən. Yaddan çıxır ödəmirsən, bir də görürsən ki, əlavə dəbbə pulu hesablanıb. 

Biz nəyə səs veririk, sabah camaat bunun öhdəsindən necə gələcək? Çıxırsan küçəyə, maska yadından çıxıb, ona görə cərimə edirlər. Məlumat verilməlidir ki, büdcə millətə verdiyinin nə qədərini cərimə və rüsumlar vasitəsilə qaytarır? Camaatın ciddi bir hissəsinin əsəbləri ilə oynayırıq. Bunun qarşısında cavab verməliyik”. 

Parlamentin komitə sədri Tahir Mirkişili deputata cavab olaraq bildirib ki, rüsumlarda ikiqat artım yoxdur: “Bəzilərində 20,30, 50 faiz rüsum nəzərdə tutulub. Elə rüsumlar var ki, tez -tez rast gəlinməyən rüsumlardır. Məsələn, pasport, sürücülük vəsiqəsi. 

Cərimə ona görə müəyyən olunur ki, siz qaydanı pozmayasınız. Bunun fəlsəfəsi pul yığılması deyil. Ancaq dəbbə pulunun hesablanması ilə bağlı bizə də şikayətlər daxil olur. Bunu araşdıracağıq”.