"Bunların hamısı qumardır" - Deputatlar “Poz-qazan” və “Topaz”a ETİRAZ ETDİ

Son zamanlar ölkədə “Poz-qazan” lotereya oyunu xeyli məşhurlaşıb. Şəhərin mərkəzi küçələrində, avtobus dayanacaqlarında, metro çıxışlarında satılan 1 manatlıq lotereyalara xüsusən kasıb təbəqədən olan vətəndaşların üz tutduğunun şahidi oluruq. Qalib gəlmək arzusu ilə günə 20 manat , hətta daha çox itirən insanlar olur. Əhalinin, daha çox savadsız kütlənin bu formada soyulmasının qarşısını hökümət almalıdırmı, yoxsa bu da biznesin, azad sahibkarlığın bir hissəsidir?  Bu məsələyə necə yanaşma olmalıdır?

Bizimxeber.az bildirir ki, mövzu ilə bağlı açıqlama verən deputat Fazil Mustafa bildirdi ki, “Poz-qazan”, “Topaz” və başqa variantlarda qumarların qarşısını almaq mümkün deyil: "Çünki, bu da bir sahədir və müəyyən dərəcədə biznes kimi fəaliyyət göstərir. Amma Azərbaycanda "ağlı başında olan" insan problemi var. Ağlı başında olan insan niyə qumara getməlidir?  Bu qadağan da edilsə, həmin  insan əyləncəyə də, pul verib diplom almağa da eyni cür baxır. Əslində bunların hamısı qumardır. İnsanlar asan yolla nəsə əldə etməyi düşündüyü  üçün qumara meyl edirlər”.

F.Mustafa qeyd etdi ki, hər bir təbəqənin özünə görə natamamlığı var: "Varlılar da toyuna 5, 10, 15 minə  küçə müğənnisini çağırıb pulu ona yedizdirirlər. ”Poz-qazan” da ən kasıb təbəqə üçün problem yaradır. Amma o demək deyil ki,  bir az varlı təbəqə onlardan daha ağıllıdır və rasional davranır. Cəmiyyətdə insanın öz zəhməti, çalışması ilə nələrəsə nail olması ideyasını yerləşdirə bilməmişik. Hər kəs fikirləşir ki, kimsə pul qazanıbsa, bu hansısa təsadüf nəticəsində baş verib. Bunlar hamısı birlikdə böyük problemlər yaradır. Ona görə də, qumarı ləğv etmək olmaz, ancaq təbliğat aparıb  insanları çəkindirmək mümkündür”.

Deputat Ceyhun Bayramov da açıqlamasında vurğuladı ki, bu kimi məsələlərdə maksimum diqqətli olmağa ehtiyac var: "Bir sıra hallarda vətəndaşlarımız əlavə vəsait qazanmaq üçün  belə yollara əl atırlar. Vəsait qazana bilmədikdə də dövlətdən küsür, inciyir, narazı qalırlar. Biz daha çox çalışmalıyıq ki, vətəndaşlarımızın doğru, dürüst halal yolla vəsait əldə etmələrinə şərait yaradaq. İnsanların çalışaraq  vəsait əldə etməyə, güzəranlarını təmin etməyə nail olmaqları üçün yeni iş yerləri yaradılmalıdır. Belə məsələlərin kütləvi şəkildə yayılması düzgün deyil. Və bununla bağlı ciddi maarifləndirmə, həm də inzibati  tədbirlər görülməlidir”. /Sitat.info/