Tədqiqatlar göstərir ki, pedaqoji kadr hazırlığı işinin keyfiyyətli təşkili, müəllimlərin pedaqoji ustalığının artırılması üçün müvafiq sistemin yaradılması təhsilin inkişafını təmin edən başlıca amillərdəndir.
Bunun bariz nümunəsini Sinqapur təhsil sistemində də aydın görmək mümkündür. Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı üçün müxtəlif variantların, peşəkar inkişaf üçün resursların əlçatanlığı, peşəkar inkişaf mərhələləri üçün aydın meyarların mövcudluğu, müəllimin səriştəliliyinə və ehtiyaclarına diqqət yetirərək onun fərdi peşəkar inkişafının mümkünlüyü, müəllimin özünə və şagirdlərinə inamının mövcud olduğu bir sistemi formalaşdırmaq Sinqapur pedaqoji təhsil sistemini dünyanın liderləri sırasına çıxartmışdır. Mütəxəssislər Sinqapur pedaqoji kadr hazırlığı sisteminin əsas xüsusiyyətlərini aşağıdakı kimi səciyyələndirirlər:
Müəllim, hər il özü üçün peşəkar tapşırıqlar formalaşdırmalı və onu həll etməlidir;
Müəllim peşəkar fəaliyyətində biliyi ilə bərabər, özünün yüksək motivasiyasına arxalanmalıdır. Bu xüsusiyyəti onu dərsdən dərsə, sinifdən sinifə böyük ürək, sevgi ilə aparacaq. Həm onu, həm də şagirdlərini, bütün işləri sevgi ilə gördükdə, ən böyük maneələri belə aşmağın mümkünlüyünə inandıracaq. Sinqapurlu tədqiqatçılar belə hesab edirlər ki, müəllimlik peşəsinə sevgi uşaqlıqdan yaradılmalıdır. Əgər gələcəyin müəllimi olacaq şəxs müəllimliyin xəyallarını uşaq yaşlarından qurmayıbsa, müəllimlik peşəsinin öhdəsindən gələcəyinə əmin deyilsə, onun pedaqoji sahəyə gəlməsi mümkün deyil.
Təhsil sistemində mövcud olan bütün müəssisələrin əməkdaşları arasında, bütün peşəkar səviyyələrdə əməkdaşlıq mövcuddur (Məktəbəqədər təhsil müəssisələrindən tutmuş Təhsil nazirliyinə qədər). Bu əməkdaşlıq çərçivəsində daha geniş təcrübəyə malik olan müəllimlər gənc müəllimlərə mentorluq edirlər. Hər bir məktəbdə, hər bir müəllimin dəqiq müəyyənləşdirilmiş hüquq və vəzifələrinin mövcud olduğu məktəbdaxili təlim sistemi fəaliyyət göstərir. Sistemdə hər bir müəllimin üzərinə düşən vəzifə aydın şəkildə təsvir edilir və hər kəs öz məsuliyyətini dərk edərək, hesabatlılıq şəraitində fəaliyyət göstərir.
Sinqapurda pedaqoji kadr hazırlığının unikallığını şərtləndirən amillərdən biri də pedaqoji kadr hazırlığının yalnız bir təhsil müəssisəsində, qeyd etdiyimiz kimi, Milli Təhsil İnstitutunda həyata keçirilməsidir. İnstitut, eyni zamanda, dünya ölkələrinin pedaqoji təcrübəsinin təhlilini də aparır, bu sahədə elmi tədqiqat işlərinə geniş yer verir. Buradan belə qənaətə gəlmək mümkündür ki, ən yaxşı pedaqoji kadr hazırlığı sisteminin qurulmasına baxmayaraq, ölkədə bu sahənin daha da təkmilləşdirilməsi üçün tədqiqatlara ehtiyac duyulmaqdadır. Əldə edilən mühüm nəticələr müəllim hazırlığı işinin məzmununun yenilənməsində istifadə edilir. Qeyd edim ki, hələ 2002-ci ildə Təhsil nazirliyi pedaqoji nəzəriyyə və təcrübələrin araşdırılması mərkəzinin yaradılması və inkişaf etdirilməsinə 48 milyon Sinqapur dolları ayırmışdır. Bu mərkəz fəaliyyət göstərdiyi müddət ərzində Sinqapurda bir çox islahat proqramlarının, eləcə də tədris prosesinin xüsusiyyətlərinin ekspert qiymətləndirilməsində baza rolunu oynamışdır.
Hələ Milli Təhsil İnstitutuna ərizə verməzdən öncə, namizəd ən azı beş həftəsini məktəbdə keçirməli və onun fəaliyyəti ilə tanış olmalıdır. Namizəd məktəbdə müəllimin, yaxud inzibatçının köməkçisi qismində çalışır və fəaliyyətinə görə minimal vəsait alır. Təcrübə başa çatdıqdan sonra məktəbin direktoru və nəzarətçi potensial namizədə qiymət verir. Namizəd müsbət rəy aldıqdan sonra Milli Təhsil İnstitutunun ilk seçim mərhələsinə qəbul edilir. Minimal tələb bundan ibarətdir ki, abituriyent öz yaş qrupu üzrə 30%-dən artıq uğur reytinqinə, ali təhsilə və pedaqoji təcrübəyə malik olsun.
Üstünlük o namizədlərə verilir ki, onlar nəzərdə tutulmuş ixtisas üzrə ali təhsilə malikdirlər. Ona görə də, namizədlərin 80%-i pedaqoji ixtisasa qəbuldan öncə öz fənləri üzrə bakalavr dərəcəsinə yiyələnirlər. Əsas tələb həm də ondan ibarətdir ki, namizəd uşaqlara olan sevgisini, müəllimliyə marağını sübut edə bilsin.
Milli Təhsil İnstitutunun müvafiq seçiminin ikinci mərhələsində namizəd funksional test və intellekt qiymətləndirilməsindən keçir. Üçüncü seçim mərhələsində üç nəfərdən ibarət təcrübəli ekspertlərin iştirakı ilə namizəd psixoloji cəhətdən qiymətləndirilir və onun şəxsi keyfiyyətləri müəyyənləşdirilir. Bu mərhələ mikrodərs və digər praktik tapşırıqları da əhatə edə bilər. Təlim boyu tələbənin fəaliyyəti nəzarətdə saxlanılır, peşəkar tələblərə cavab verməyən namizədlər təhsil proqramlarından kənarlaşdırılır. Bu halda tələbə təhsilinə xərclənən bütün dövlət vəsaitlərini geri ödəməyə borcludur.
Orta hesabla hər altı nəfərdən biri peşə seçiminin bütün mərhələlərini uğurla qət edir. Milli Təhsil İnstitutunda ixtisasartırma təhsilinin müddəti 1 il, bakalavr diplomu almaq üçün isə 3 ildir. Təhsil müddəti ərzində tələbələrin təqaüdünün məbləği yeni fəaliyyətə başlayan müəllimin əmək haqqının 60 faizini təşkil edir. Milli Təhsil İnstitutu gələcəyin müəllimləri üçün müxtəlif proqramlar təklif edir. 2 ildən 5 ilədək təhsil almaqla tələbələr pedaqogika sahəsində ali təhsilə (Diploma in Education), eləcə də pedaqogika sahəsində ikinci ali təhsil haqqında diploma (Postgraduate diploma in Education) və humanitar/dəqiq elmlər üzrə bakalavr dərəcəsinə yiyələnirlər (Bachelor of Art/Science Education). Digər təhsil sertifikatına, məsələn, imtahanları uğurla verərək A səviyyəsində (A səviyyəsi orta məktəbin yuxarı sinfini yüksək göstəricilərlə başa vuranlara verilir) təhsil sertifikatına malik olan müəllimlər, həmçinin politexnik təhsliniə sahib olanlar Milli Təhsil İnstitutunda təhsil ala bilərlər. Milli Təhsil İnstitutunun proqramları akademik təhsildən daha çox, pedaqogika və fənlərarası əlaqələrin öyrədilməsinə yönəldilib. Sinqapurun təhsil sisteminin ehtiyaclarından asılı olaraq təhsil proqramlarının məzmunu daim yenilənir.
Böyükağa MİKAYILLI,
Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist
Məqalənin hazırlanmasında T.B.Alişevin, A.X.Qulmutdinovun, J.Redpathın tədqiqatlarına istinad olunub.