Birgə bəyanat - ABŞ Ukraynaya hərbi yardımı bərpa edir

Ukrayna və ABŞ komandaları Səudiyyə Ərəbistanında keçirilən görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər.

Bizimxeber.az bildirir ki, bu barədə "Censor" saytı Ukrayna Prezident Aparatına istinadən xəbər verib.

Hər iki ölkənin nümayəndələri öz dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndirib və uzunmüddətli sülhün bərqərar olması prosesinə başlamağın vaxtı olması ilə razılaşıblar.

Ukrayna nümayəndə heyəti bir daha Ukrayna xalqı adından prezident Trampa, ABŞ Konqresinə və ABŞ xalqına sülhə gedən yolda mühüm irəliləyiş əldə etdiklərinə görə dərin minnətdarlığını bildirib.

Ukrayna tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30 günlük atəşkəs rejiminin dərhal tətbiqi ilə bağlı ABŞ-ın təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya aydınlaşdıracaq ki, Rusiyadan qarşılıqlılıq sülhə nail olmaq üçün açardır. 

Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir. 

Bundan əlavə, Ukrayna və ABŞ komandaları sülh prosesinin bir hissəsi kimi humanitar səylərin əhəmiyyətini, xüsusilə yuxarıda qeyd olunan atəşkəs zamanı, o cümlədən hərbi əsirlərin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılmasının vacibliyini müzakirə ediblər.

"Hər iki nümayəndə heyəti danışıqlar qruplarının tərkibini müəyyənləşdirmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etmək öhdəliyini götürüb. Ukrayna nümayəndə heyəti bir daha vurğulayıb ki, avropalı tərəfdaşlar sülh prosesinə cəlb edilməlidir", - hesabatda deyilir.

Yekunda hər iki ölkənin prezidentləri Ukrayna iqtisadiyyatını gücləndirmək və Ukraynanın uzunmüddətli rifahını və təhlükəsizliyini təmin etmək üçün Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin mümkün qədər tez bağlanması barədə razılığa gəliblər.