Bir gündə 192 şəhidimiz olub - RƏSMİ

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Bizimxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur. 

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçusudur. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir. 

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanmışdır.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.