Biləsuvarın icra başçısının "kor" yolları - FOTO

Biləsuvarın Aşağı Cürəli kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir. Burada dörd minə yaxın sakin yaşayır. Kənd rayon mərkəzindən 10 kilometr məsafədə yerləşir. Şəhər mərkəzinə getmək üçün isə Cürəli yolundan yerli sakinlərlə yanaşı, rayonun daha altı kəndinin əhalisi də istifadə edir.

Həmçinin bu kəndin yolu köhnə Ələt-Astara magistral yoluna birləşir və eləcə də Cəlilabad-Biləsuvar yolu ilə kəsişir. Buna görə də burada gecə və gündüz avtomobillərin hərəkət intensivliyi də kifayət qədər çox olur. Buna baxmayaraq, gecələr yolun işıqlandırılması üçün heç bir tədbir görülməyib.

Bu barədə yerli bürosuna müraciət edən sakinlər axşam saatlarında yolun işıqlandırılmamasından narazıdırlar.

Sakinlər bildiriblər ki, yolun kənarında səkilər mövcud olmadığından piyadalar avtomobillərin yolu ilə hərəkət etməyə məcbur olurlar. Onların sözlərinə görə, bu isə insanların həyatı üçün əsl təhlükə mənbəyinə çevrilib:

“Dəfələrlə gecə saatlarında zülmət qaranlığa qərq olan bu yolda piyadaların vurulmasının şahidi olmuşuq. Onların arasında ölən də, yaralanan da olub. Bu yaxınlarda qonşu Əsgərabad kəndinin yol kənarında işıq dirəkləri qurulub və işıqlandırma işləri görülüb”.

Sakinlər buna görə də aidiyyəti dövlət orqanlarından kənd yolunun kənarında işıq dirəklərinin quraşdırılmasını və yolun işıqlandırılmasını xahiş edirlər.

Həmçinin sürücülər də bu vəziyyətdən narazılıqlarını ifadə ediblər. Onlar yolun işıqlandırılmasının hərəkətin xeyli asanlaşacağına və təhlükənin aradan qaldırılacağına səbəb olacağını düşünürlər:

“Hazırda qaranlıq yolda hərəkət etmək çox çətindir. Bəzən elə olur ki, piyadalarla yanaşı, yolumuza qəfil mal-qara da çıxır. Yolun nahamar və qəzalı olması isə bizim işimizi daha da çətinləşdirir”.