Bələdiyyə sədri 14 min manata yaxın pul mənimsəyib

Zaqatala rayonunda bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub. Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub. 

Araşdırmalarla onun 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq davam etdirilir.