BBC aparıcısının peyvənddən sonra öldüyü TƏSDİQLƏNDİ

Mayın 21 - də “AstraZeneca” peyvəndinin ilk dozasını qəbul edən BBC radiosunun 44 yaşlı aparıcısı Liza Şounun ölümü ilə bağlı detallar ortaya çıxıb.

"Bizimxeber" xəbər verir ki, Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi “AstraZeneca” peyvəndi aldıqdan 3 həftə sonra dünyasını dəyişən jurnalist haqda hesabat yayınlayıb.

Hesabat bir çox ölkədə qadağan edilən “AstraZeneca” peyvəndi ilə bağlı mübahisələri daha da alovlandırıb.

Jurnalistin ölümü bütün İngiltərəni heyrətləndirib. Sağlamlığında heç bir problem olmadığı bildirilən aparıcının peyvənddən sonra ağırlaşmalardan və trombozdan öldüyü təsdiqlənib.

Araşdırmalarda iştirak edən həkim Karen Dilks də jurnalistin beynində qan laxtalanmasının yarandığını təyin edib. Həkimin rəyində məşhur aparıcının peyvənddən sonra şiddətli baş ağrısı ilə xəstəxanaya yerləşdirildiyi və beyin qanaması diaqnozu qoyulduğu yazılıb.