Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ-yə səfər edəcək.
Bizimxeber.az xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Ağ Evdə Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş planlaşdırılır. Bildirilib ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Zelenskinin ilk xarici səfəri olacaq.
“CNN”in məlumatına görə, Zelenski artıq Vaşinqtona yola düşüb.
“Axios” nəşri isə ABŞ parlamentinin Zelenskinin səfərinə hazırlaşdığını yazıb. Bildirilir ki, bununla əlaqədar olaraq polis Vaşinqtonda təhlükəsizlik tədbirlərini gücləndirib. Ukrayna liderinin ABŞ Konqresində iki palatanın birgə iclasında çıxışı gözlənilir.
11:43
Ağ Ev Bayden və Zelenskinin görüş zamanı hansı məsələləri müzakirə edəcəyini açıqlayıb. Məlumata görə, Ukrayna və ABŞ liderləri cəbhədəki strateji vəziyyət, Qərb dövlətlərindən Kiyevə yardım, eləcə də Rusiyaya qarşı sanksiyalar barədə məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bununla yanaşı, Prezidentlər ukraynalı hərbçilərə təlimlərin keçirilməsini də müzakirə edəcəklər.