Baş Qərargah işğalçıların Melitopoldakı qərargahının məhv edildiyini təsdiqləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb.
"Rus işğalçıları itki verməkdə davam edir. Yenilənmiş məlumata görə, noyabrın 15-də Melitopol şəhərində əsgərlərimiz düşmən bölmələrindən birinin qərargahını məhv ediblər. Müdafiə Qüvvələrinin Zaporojye rayonunun Konski razdor, Vladovka və Blaqoveşenka yaşayış məntəqələri ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində iki sursat anbarı, iki BM-21 Qrad qurğusu və bir S-300 zenit-raket kompleksi məhv edilib", deyə bildirilib.
Xatırladaq ki, noyabrın 15-də Melitopol şəhərinin meri İvan Fedorov müvəqqəti işğal olunmuş Melitopolun yaşayış massivlərindən birində güclü partlayış baş verdiyini bildirib.
Onun sözlərinə görə, partlayış Melitopolun şimalında, 24-cü məktəbin yaxınlığında, işğalçıların qərargahının cəmləşdiyi yaşayış massivində baş verib.