Balarusa nüvə silahı vermək növbəti məsuliyyətsizlikdir

ABŞ Dövlət Departamenti Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsini şərh edib. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller addımı Moskvanın məsuliyyətsiz davranışının nümunəsi adlandırıb.

O qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə Belarus arasında nüvə silahına dair razılaşmaları qətiyyətlə pisləyir: "Bu, Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyanın məsuliyyətsiz davranışının ən son nümunəsidir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə "ağır nəticələrə gətirib çıxaracaq".

Eyni zamanda, Miller əlavə edib ki, ABŞ özünün strateji nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək üçün heç bir əsas görmür, eləcə də Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair hər hansı əlamət görmür.

Rusiya və Belarusun müdafiə nazirləri Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədlər imzalayıblar. Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, Rusiyanın nüvə silahları artıq Belarusa ötürülməyə başlayıb.