Azərbaycanda ali təhsil almağa maraq hansı səviyyədədir? - Rəqəmlər

Azərbaycanda ali təhsil almağa maraq artıb. 

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 50 il əvvəl məktəb məzunlarının 15-20%-i, 1980-ci illərin sonlarında 25- 30%-i universitetlərə üz tuturdusa, indi bu rəqəm artıq 50-70 və daha artıq faiz  təşkil edir:

"Əvvəllər təhsilin digər pillələri əhəmiyyət kəsb edirdi. Yəni, peşə təhsili müəssisələri, orta ixtisas təhsili müəssisələri, kolleclər də əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirirdi. İndi isə hətta ali təhsil müəssisələrinin verdiyi təhsil belə azlıq təşkil edir”.

Kamran Əsədov bildirib ki, insanlar gələcək karyerasını davam etdirmək üçün yeganə çıxış yolu kimi ali təhsili görürlər: "Alternativ təhsil müəssisələri ehtiyac və tələbatı ödəmir”.

Ali təhsil alanların işlə təmin olunmasına gəlincə, Kamran Əsədov hesab edir ki, bu işəgötürənlər üçün ən yaxşını seçmək, işə qəbul olunmaq istəyənlər arasında isə rəqabət mühiti yaradacaq: "Çünki işçi daha yaxşı olmaq üçün çalışacaq ki, bu da xidmət sahəsində inkişafa gətirib çıxarır”.