Azərbaycan Rusiyaya nota verməlidir - MM-də təklif

Dünən Moskvada “Lazerev klubu” adı altında erməni-rus millətçiləri tərəfindən beynəlxalq konfrans təşkil edilib və həmin konfransda Dumanın komitə sədrinin müavini, hakim partiyanın üzvü Konstantin Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannamasinə tam zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, sepratizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib.

Bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Görünür, qana susamış bu adam üçün tökülən qanlar yetərli deyil və Moskva Bəyannaməsinin dəyəri onun üçün sazişin imzalandığı kağızın dəyəri qədər də deyil. O, bir qrup revanşist separatçını başına yığaraq Azərbaycan əleyhinə kampaniya təşkil edib və yığıncaqda bəyan edib ki, Qarabağda erməni xalqının öz müqəddəratını təyin etmək hüququ zorakılığa məruz qalıb. Ona görə təklif editrəm, Xarici İşlər Nazirliyi Rusiyaya nota versin, bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulmasını tələb etsin”, - o bildirib.