Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik, sülhsevər, daim əməkdaşlıq, inkişaf naminə çıxış edən, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlər boyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıb, bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.
Bunu Bizimxeber.az-a açıqlamasında 51 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüş İlkin Nurəliyev deyib.
Onun sözlərinə görə, minilliklərlə formalaşan tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır:
"Dünyanın bir çox ölkəsi ilə çoxtərəfli əlaqələr quran və bu əlaqələri gündən-günə möhkəmləndirən, region dövlətlərinin xalqları ilə mehriban qonşuluq şəraitində birgə yaşayan Azərbaycan regionda söz sahibidir. Sülhün, əməkdaşlığın carçısı olan Azərbaycan dövləti öz siyasi xəttində yeni reallıqların yaratdığı şəraitdən düzgün yararlanmaq və regionda sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatçısı olmaq arzusundadır. Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və həmişə beynəlxalq hüququn tərəfdarıdır.
Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin etmiş Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Bu məsələdə Azərbaycan haqqın, ədalətli sülhün tərəfdarı olduğunu göstərir".