Azərbaycan məhkumların sayına görə Avropada ilk üçlükdədir

Həbsxanalarda sıxlıq bir çox Avropa penitensiar sistemi üçün hələ də kəskin problem olaraq qalır. Bu barədə Avropa Şurasının 2023-cü il üçün həbsxanalar üzrə illik hesabatında (SPACE I) deyilir. 

Avropa Şurasının məlumatında deyilir ki, 31 yanvar 2022-ci ildən 31 yanvar 2023-cü ilədək  olan dövrdə Avropada 100 yerə düşən  məhbusun sayı 2 faiz artıb (91,7-dən 93,5-ə qədər). 

Yeddi həbsxana administrasiyası 100 nəfərlik yerdə 105-dən çox məhbusun saxlanıldığını bildirib ki, bu da ciddi sıxlığın olduğunu göstərir.

Azərbaycanda bu göstərici  100 nəfərlik yerə 96  məhbusdur.

2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ən çox məhbus artımı Moldova (+ 52 faiz), Şimali Makedoniya (+26 faiz), Kipr (+25 faiz), Türkiyə (+15 faiz), Azərbaycan (+13 faiz), İrlandiya (+12 faiz), Monteneqro (+11 faiz), Ermənistan (+11 faiz), Xorvatiyada (+10 faiz) olub.

Məhbusların sayı Malta (-22 faiz), Litva (-8,9 faiz), Estoniya (-8,8 faiz) və Yunanıstanda (-5,2 faiz) azalıb.

Azadlıqdan məhrumetmə səviyyəsinin ən yüksək olduğu ölkələr bunlardır: Türkiyə (100000 sakinə 400 məhbus), Gürcüstan (256), Azərbaycan (244) və s.

Narkotik maddə cinayətləri daha çox yayılıb (məhkumların 19 faizi), ardından qətl və sui-qəsdlər (13 faiz), oğurluq (12 faiz), seksual cinayətlər (8,9 faiz), soyğunçuluq (7,7 faiz), hücumlar və döyülmələr ( 6,7 faiz) gəlir.

Eyni zamanda, Azərbaycan qadın məhbusların az olduğu ölkələrin sırasındadır (2,9 faiz). Albaniya (1,3 faiz), Xorvatiya (1,9 faiz), Ermənistan  (2,6 faiz).

Həmçinin Azərbaycan əcnəbi məhbusların az olduğu ölkələr arasındadır (1,9 faiz). Rumıniya (1,1 faiz), Moldova (1,5 faiz). /Turan/