Azərbaycan boksu kimlərin monopoliyasındadır? - Gənc boksçular belə təhqir edilir - FOTO-VİDEO

Azərbaycan idmanında şəffaflıq və ədalət məsələləri son illərdə ciddi şəkildə müzakirə edilir. Baş verənlər mərhələli şəkildə ölkənin idman sistemini ümumiyyətlə, məhv edilməsinə aparan bir yol xəritəsinə oxşadığı hiss olunmaqdadır.

Yazıda, idman sahəsindəki ciddi problemləri, xüsusilə “Təhsil” Respublika İdman Mərkəzi və Azərbaycan Boks Federasiyasındakı idarəetmə strukturlarını araşdırırıq.

Boks federasiyasının rəhbərliyi, bu sahədə yaranan korrupsiya və qeyri-şəffaf münasibətlər, eləcə də gənc idmançılara olan təsirlər...

İlk öncə qısa xatırlatma...

2017-ci il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Anar Nağdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatır. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda A.Nağdıyev 8 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilir.

İstintaq müəyyən edir ki, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə, məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmiləşdirilməsi təşkil edilməklə, 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

Anar Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Kimdir bu Anar Nağdıyev?

Anar Nağdıyev 2005-2015-ci illərdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işləyib. Direktor müavini olaraq il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırlayıb.

Ən nəhayət, bu şəxs qısa müddət sonra yenidən idmana qayıdır və hazırda Boks Federasiyasının Beynəlxalq dərəcəli hakim statusunu daşıyır və eyni zamanda Azərbaycan Boks Federasiyasının yarışlarının cədvəlini, smetanı hazırlayır, bölgüdə iştirak edir və heç nə olmamış kimi ortadadır...

Təsəvvür edin ki, bir neçə il əvvəl bu işləri gördüyü üçün həbs edilən, daha sonra hələlik bəlli olmayan səbəblərdən (araşdırma aparırıq) azadlığa çıxan A.Nağdıyev həm də Azərbaycanın gələcək boksçularının gələcəyini müəyyən etmə prossesində iştirak edir. Qəribədir? Yox, çünki ortada başqa mətləblər var. Addım addım.

Üstəlik nə qədər qəribə görünsə də, 2024-cü ildə Anar Nağdıyev beynəlxalq kateqoriyası 2 ulduza qaldırılır. Maraqlı nüansdır, elə deyilmi... İllər əvvəl büdcə mənimsəmələrində adı keçən şəxs və şəxslər indi Azərbaycan idmanının başında yer alır. Görünür, belə şəxslərin Azərbaycan Boks Federasiyasında olması kimlərəsə sərf edir, daha doğrusu, yolları bilir.

Ümumiyyətlə, Azərbaycanın idman sahəsində, idmançıların haqq və hüquqlarının pozulması halları barədə dəfələrlə məlumatlarla sərgilənib. “Təhsil” Respublika İdman Mərkəzi və əsasən filialları, eləcə də Azərbaycan Boks Federasiyasının və əsasən Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının fəaliyyəti ciddi nəzarətə götürülməlidir.

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının Baş məşqçisi Elbrus Rzayevdir. E.Rzayev əvəllər Sumqayıt şəhər komandasının baş məşqçisi, eyni zamanda “Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi olub. 

Millinin üzvü olan gənc boksçuların əmək haqqlarından tutmuş, onların hazırlanması üçün ayrılan vəsaitlərin necə xərcləndiyi, geyimləri, istirahətləri, qidalanmaları, qida əlvələri əsas araşdırma mövzusudur... Yaxın günlərdə bu barədə ətraflı məlumatlar verəcəyik.

Qeyd edək ki, hazırda  Azərbaycan Boks Federasiyasında Gənc boksçular arasında Azərbaycan birinciliyi keçirilir. Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi texniki olaraq zəif hazırlanıb və ədalətsiz şəraitdə keçirildiyi üçün iştirakçılar arasında narazılıqlar yaranır. Yaxın əlaqələri olan klubların idmançılarına üstünlük verilməsi, bölgələrdən gələn idmançılara qarşı ikili münasibətlərin sərgilənməsi, yarışların ədalətli və şəffaf keçirilmədiyini göstərir.

Ədalətsiz bölgü, hakimlər heyətinin qərəzli davranışı və narazılıqların qəbul edilməməsi, idmançılara olan etibarı sarsıdır və onların yarışa olan motivasiyalarını azaldır. İdmançıların yarışda özlərini düzgün şəkildə təmsil edə bilməməsi və haqsız mühakimə edilmələri, onların karyeralarına mənfi təsir göstərir. 
Həmçinin,  Azərbaycan Boks Federasiyasının bu yarış üçün ayrılan vəsait və idmançılar üçün nəzərdə tutulanların smetada nələrin nəzərdə tutulduğu da ciddi müzakirə mövzusudur. Məlumata görə, yarışların təşkil olunması zamanı idmançılar üçün nəzərdə tutulan xərclər, satınalmalar tamamilə başqa istiqamətə  xərclənə bilər...

Bu cür problemlər, boks idman növündə şəffaflıq və ədalətin təmin edilməsi, eyni zamanda idmançılara qarşı hörmət və qayğının artırılması məqsədilə ciddi tədbirlər görülməsini zəruri edir.

Daha bir ciddi və narahatedici məqam...

16-17 yaşlı gənc idmançılara belə uzun və fasiləsiz yarışlar təşkil edilməsi, onların fiziki və psixoloji sağlamlığı üçün böyük risklər yaradır. İdmançının performansını ən yüksək səviyyəyə çatdırmaq üçün düzgün təlimat, istirahət və bərpa müddətləri lazımdır. Bu cür yarışların gənc idmançılar üzərində mənfi təsir yaratması, onların gələcək karyeralarına və ümumilikdə psixoloji vəziyyətlərinə ciddi ziyan vura bilər.

Boks kimi fiziki cəhətdən çox tələbkar bir idman növündə, bu cür sıx cədvəllər idmançıların travmalar alma riskini artırır və onların mental sağlamlığına da mənfi təsir göstərə bilər. Yarışların təşkilatçılarının, xüsusən Boks Federasiyasının rəhbərinin bu halları nəzərə almaması yarışın tələsik bitməsinə açıq işarədir.

Bu vəziyyətin həlli üçün daha yaxşı bir yanaşma, gənc idmançılara olan psixoloji və fiziki yükü balanslaşdırmaq və onların sağlamlığını qorumaq məqsədilə daha diqqətli yanaşmalardır.

Azərbaycanlı hakim Paris-2024-də ən reytinqli hakim seçilib

Verilən məlumatlarda qeyd olunur ki, yarışın məqsədi ölkəmizdəki idmançıları üzə çıxartmaq və onları Milli Komanda üzvü edərək yarışlara hazırlamaqdır. Əslində isə Emil Qurbanəliyevin və digərlərinin səyi nəticəsində gənc və yeniyetmə idmançılara ciddi psixoloji ziyan vurulur. 16-17 yaşlı gənc idmançının ardıcıl olaraq, fasiləsiz 5 gün yarışa çıxarılması ən böyük nöqsanlardan biridir. Boks Federasiyasının prezidenti Sahil Babayevin boksdan xəbəri olmadığı üçün bu vəziyyətin idmançı üçün nə qədər çətin və ziyanlı olduğunu anlaya bilməz.

Daha bir maraqlı və gülməli məqam odur ki, Emil Qurbanəliyevin təşəbbüsü ilə Azərbaycana Şri-Lankadan hakim gətirilib. Dünyanın ən ətalətsiz, qanunları kobud şəkildə pozulan, vətəndaşları güllələnən ölkə hesab olunan Şri-Lankadan gələn hakimdən ədalət axtaran Qurbanəliyev Misirdən də hakim gətirib. Maraqlıdır, öz hakimlərimizə pul tapıb verə bilməyən Federasiya,  Şri-Lankadan gətirdiyi hakimə nə qədər pul ödəyib?

Məlumat üçün bildirək ki, 17.01.2025-ci il tarixində keçirilən gənclər arasında respublika birinciliyində yarım final mərhələsində Emil Qurbanəliyevin başçılığı ilə  qələbələr saxtalaşdırılaraq etirazlarla qarşılanıb.

Etiraza səbəb olan döyüşlərdən biri - 51 kq çəki dərəcəsi - ASLANZADAH SAID - (RIM1) (Göy künc) - GASIMOV NIHAD (TEHSL) - (Qırmızı künc) 

Qalib qırmızı geyimli idmançı qalib gəlsə də, qələbə Təhsil Mərkəzinin idmançısına verilir.

Göy künc idmançısı  ASLANZADAH SAID qərara etiraz edir və razılaşmır.

İdmançının etirazını https://www.youtube.com/watch?v=iz0g35Pn05M bu linkdən görmək olar. Aşkar saxtakarlıq aydın görünür.

Qələbə aşkar üstünlüklə döyüşən Aslanzadə Səidə deyil, qalib Qasımov Nihada verilib. Bu zaman Aslanzadə Səid qərara etiraz etsə də, bu həmişəki kimi, özünü beynəlxalq dərəcəli hakim hesab edən Emil Qurbanəliyevin heç vecinə də olmayıb.

**

57 kq çəki dərəcəsi -

TEHSL -  BABAYEV SUBKHAN
RKIM  - ABDULLAYEV JAHANDAR

Bu döyüşdə də  Abdullayev Cahandar tam üstünlüklə qalib gəlsə də, Emil Qurbanəliyevin tapşırığı ilə qələbə "Təhsil" Mərkəzin idmançısına verilib. Məşqçinin etirazl hiss olunsa da, gələcək yarışlara xatir susur. Çünki, Emil Qurbanəliyevə etiraz etmək, növbəti yarışlarda olmamaq deməkdir. Emil Qurbanəliyev peygəmbərdir və ona etiraz edənləri cəza gözləyir. Biz sözlə Azərbaycanın gənc boksçuları beləcə məhv edilir.

**

60 kq çəki dərəcəsi

(Zabit) KHOJAYEV MANSUR -
(TEHSL) ALIMZANOV TAMERLAN -

Bu döyüşdə tam üstünlüklə qalib gələn Qocayev Mənsur yenə Emil Qurbanəliyevin müdaxiləsi ilə məğlub elan edilir. Üstəlik bu qərara etiraz edən idmançı Qocayev Mənsur təzyiqə məruz qalır. Aşkar şəkildə Təhsil Mərkəzinin müəllimi İlham Əlimazanov (Tamerlan Əlizamanovun məşqçisi və atası) idmançıya qarşı təebiyəsizlik edir və ona əli ilə nəlayiq hərəkətlər göstərir. Bu kadrları, bu biabırçılığı Sahil Babayevin görsməsi lazımdır. Gənc idmançılara bu kimi təzyiqlər edilir və məğıub edilərək böyük ruh düşgünlüyunə uğradılırlar.

 



**

HEYDAROV AYKHAN - DIN - KHALILOV VUSAL - RIM (Təhsil) - 63 kq çəki dərəcəsi

Bu döyüşdə də tam üstünlüyə malik idmançı HEYDAROV AYKHAN qalib gəlsə də, qələbə diğərinə verilib. İdmançı etiraz olaraq rinqi tərk edib və bununla da Emil Qurbanəliyevin daha bir haqsız seçiminə etiraz edib.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayevdir. Struktur isə belədir...

Bizimxeber.az-ın
idman bölməsi