Azadlığa çıxmalı olan MTN generalını həbsxanadan buraxmırlar

Dünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur.

Bu barədə  onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir: "Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir. Hazırda Naxçıvandayam, gözləyirik". 

Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb.