Aylardır küçədə yatan şəxsə kömək edilmir? - Foto+Yenilənib

Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 10/12 küçəsindəki ağaclıq ərazidə yaşayan Fuad adlı şəxsin köməyə ehtiyacı var. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, evsiz və kimsəsiz olan bu şəxs günlərdir, uzandığı yerdən qalxa da bilmir.

İddialara görə, səhhətində ciddi problemləri olduğu bildirilən vətəndaş üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, yardım göstərilməyib. Ətrafdakı şəxslər bildirib ki, gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün kömək edə bilməyəcəklərini bildiriblər.

Onlar vətəndaşı xəstəxanaya aparsalar, onda olan infeksion xəstəliklərin digər xəstələrə də yoluxa biləcəyini əsas gətiriblər. 

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, məsələ araşdırılacaq, daha sonra ətraflı məlumat veriləcək.

***

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin yeri müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq.