Avropanı qorxulu xəbərdarlıq: Böhran nə qədər davam edəcək?

Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə görə Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropaya qaz axınını demək olar ki, dayandırması Aİ ölkələrini son illərin ən böyük böhranı ilə üz-üzə qoyub. 

CNN-nin məlumatına görə, 2023-cü ildə Avropada qazın qiyməti orta hesabla bir meqavatsaat üçün 108 avro təşkil edəcək ki, bu da əvvəlki onilliyin orta göstəricisindən dörd dəfə çoxdur.

Mülayim payız havası və Avropanın qaz anbarlarını sürətlə doldurulması bu qış regionun enerji təhlükəsizliyini müəyyən qədər gücləndirib, lakin qarşıdan gələn yay və növbəti qış üçün kifayət qədər ehtiyatın tapılıb-tapılmayacağı indidən hər kəsi narahat edir.

Enerji sektorunun rəhbərləri və analitiklərinin son xəbərdarlıqlarına görə, Avropa qaz tələbatını azaltmasa və yeni qaz tədarükünü təmin edə bilməsə, enerji böhranı uzun illər davam edə bilər. 

"Financial Times" qəzetindəki xəbərdə dünyanın ən böyük enerji şirkətlərindən olan "Vitol"dan Sid Bambavalenin mövzu ilə bağlı açıqlaması yer alıb. 

"Biz qaz böhranındayıq, növbəti iki və ya üç il ərzində böhran rejimində olmağa davam edəcəyik", deyə Bambavale bildirib. Avropanın qaz bazarı üzrə analitiki Paula Di Mattianın son təhlilinə görə, yeddi ssenaridən beşində qaz anbarları Avropanın 2023-2024-cü ilin qışına cəmi 65 faiz ehtiyatla daxil ola bilər. Bu, 2016-cı ildən sonrakı ən aşağı səviyyədir.

Mütəxəssislərin bu xəbərdarlıqları Avropa üçün narahatlıq doğuran reallığı ortaya qoyur. Hökumətlər bu qış artıq qaz anbarlarını doldurmaq və ev təsərrüfatlarını dəstəkləmək üçün yüz milyardlarla avro xərcləsələr də, çətinliklər gələn il də davam edəcək.