Avropa İttifaqı (Aİ) Rusiyanın işğal altında olan Krım və Sevastopolda keçirdiyi yerli seçkiləri sərt şəkildə pisləyib.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Aİ-nin xarici diplomatik xidmətinin sözçüsü Piter Stano deyib ki, sentyabrın 6-8-də keçirilmiş bu qondarma seçkilər beynəlxalq hüquqa ziddir və heç bir hüquqi nəticəyə malik deyil.
O, Aİ-nin bu seçkiləri etibarsız hesab etdiyini və Krımın Ukraynanın tərkibində olduğunu vurğulayıb.
Stano əlavə edib ki, Rusiya Ukraynaya qarşı qeyri-qanuni işğal müharibəsini dərhal dayandırmalı və beynəlxalq sərhədlər daxilində Ukrayna ərazisindən qüvvə və texnikasını çıxarmalıdır.
Sentyabrın 8-də Rusiyada müxtəlif səviyyələrdə keçirilmiş seçkilər Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən qeyri-legitim və dəyərsiz hesab edilib. Nazirlik bu seçkilərin nəticələrini tanımadığını bəyan edib.