Bir neçə gün əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderdə qalib olan ATF MMC daha bir sifariş alıb.
Bizimxeber.az bildirir ki, şirkət bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhərinin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 063 558,4 manatdır.
Məlumat üçün deyək ki, Ağsu Rayon İcra Hakimiyyətinin tenderi yolların təmiri ilə bağlı olub. ATF MMC eyni vaxtda təmir işlərini həyata keçirə biləcəkmi? Bu sualın cavabı açıq qalır. Çünki maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. Şirkətin adı Təbriz Muradov və qardaşları Azad Muradovla Fəxrəddin Muradovun adının baş hərflərinin birləşməsidir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.