Aslan İsmayılov Baş Prokurora nə yazdı? - "Sizin adınızı tez-tez hallandırmağım..."

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. 

Bizimxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Baş Prokuror!

Bir aya yaxındır ki, bütün ölkə tüğyan edən narkotika bəlasını müzakirə edir, təkliflərini verir, ayrı-ayrı aktiv vətəndaşlar narkotik yayanların konkret ünvanlarını, adlarını göstərirlər. Bu müddət ərzində Daxili İşlər Nazirliyi 2 dəfə ictimaiyyətə müraciət edib, kömək istədi.

Ölkədə cinayətkarlıqla mübarizənin başında dayanan, bütün hüquq mühafizə orqanlarının bu işdə koordinasıyasını təşkil etməli, başçılıq etdiyiniz Prokurorluq isə israrla susmaqda davam edir. Yayılan məlumatların əksəriyyətində bu bəlada vəzifəli şəxslərin iştirakının olduğunu göstərirlər. Vəzifəli şəxslərin cinayət məsuliyyətinə alınmasını isə ancaq Prokurorluq orqanları həyata keçirə bilərlər.

Buradan bir daha təkrar edirəm, Respublika prokurorluğunun saytında yayılan məlumatlarla tanış olduqda, sanki hansısa rayonun cinayət axtarış şöbəsinin işini görürsən. Hansısa həkimin, müəllimin 100-200 manat rüşvət alması, yaxud hansısa iş icraçısının 10 min manat mənimsəməsini bəh-bəhlə tirajlamaq heç də Prokurorluq orqanlarının işinin göstəricisi deyil.

Dəfələrlə tirajladığınız Vətən Müharibəsində cinayət törətmiş ermənilərin ifşa edilməsi də sizin başçılıq etdiyiniz orqanın əməyinin nəticəsi deyil. Onları Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ifşa edib. Siz isə, sadəcə, verilən məlumatları rəsmiləşdirmisiniz. Sizin vəzifənizin ən başlıcası həm də ölkəni talan edən “Azərsu” ASC, AZAL, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və s. kimi təşkilatların rəhbərlərinin əməllərini ifşa etməkdir. Bu işdə də tam sakitlikdir.

Son dövrlər Prokurorluq orqanlarının, o cümlədən Sizin adınızı tez-tez hallandırmağım hansısa şəxsi qərəzlə bağlı deyil. Əksinə, işlədiyim Prokurorluq orqanlarına və Sizə inanımla bağlıdır. Siz Baş Prokuror təyin ediləndə haqqınızda dəfələrlə müsbət fikirlər söyləmişəm. Məhz buna görə dəfələrlə izləyicilərimin haqlı tənqidlərinə məruz qalmışam və qalmaqda davam edirəm. Yenə də inanıram ki, Siz sələfinizin yolunu getməyəcəksiniz və Sizə olan inamı doğruldacaqsınız”.