Bakı Apellyasiya Məhkəməsində politoloq Azər Qasımlının həbsindən şikayətə baxılıb. O, "hədə yoluyla tələb etməkdə" ittiham olunur.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, müdafiə tərəfi Qasımlının həbsi üçün maddi və prosessual əsasların olmadığını göstərib. Onun sözlərinə görə, Qasımlı cinayət törətməyib. Qasımlı özü həbsini ictimai-siyasi fəaliyyətilə əlaqələndirib, ittihamı isə "absurd"adlandırıb.
Lakin Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Politoloqun xanımı, siyasi ekspert Samirə Qasımlı məhkəmənin qərarını "gözlənilən" və ədalət mühakiməsinin imitasiyası adlandırıb. Onun fikrincə, "hər şey politoloqun həbsinə dair "sifariş" ssenarisi üzrə gedir. O hesab edir ki, Qasımlını ölkədə baş verənlər barədə həqiqəti söylədiyinə görə həbs ediblər.
Qasımlı dekabrın 8-də səhər Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə yoluyla tələb etmə) üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu maddə üzrə onu 5 ildən 10 ilə qədər azadlıqdan məhrum olunma təhlükəsi gözləyir. Dekabrın 9-da məhkəmə onu 4 ay müddətinə həbs edib.
Noyabrın 22-də Qasımlını ölkədən buraxmayıblar. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.
Azər Qasımlı Azərbaycan hökumətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. /Turan/