Martın 14-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri, həbsdə olan Anar Məmmədlinin şikayətini təmin etməyib. Şikayət həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı verilmişdi.
Apellyasiya Məhkəməsi öz qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. Amnesty International şirkəti A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
Digər hüquq-müdafiə təşkilatı Front Line Defenders A.Məmmədlini Soçi Olimpiya oyunları ilə bağlı barəsində kampaniya aparılmış 12 hüquq-müdafiəçisinin siyahısına daxil edib. A.Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlığını ifşa etməsidir.