Ankara Rusiya biznesinə investisiya qoymaq üçün danışıqlar aparır

"Moskva Türkiyə şirkətlərinin Rusiyada uzunmüddətli qalması və sərfəli investisiyası ilə bağlı Ankara ilə danışıqlar aparır". 

Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti" Rusiya Ticarət Mərkəzləri Şurasının (RSTC) sədri Dmitri Moskalenkoya istinadən məlumat yayıb.

"Türkiyə Rusiyanın idxalında mühüm ölkədir. Rusiyadan çıxan brendlərin türk markaları ilə əvəzlənməsi üçün danışıqlarla yeni mərhələyə qədəm qoyuruq. Bu payızda Rusiyanın hər yerində 420 futbol meydançasına bərabər 3 milyon kvadratmetr ərazinin boşalacağını proqnozlaşdırırıq.

Hələ Rusiyada olmayan türk brendlərinə Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərini təqdim etmək imkanı təklif etmişik”, deyə Moskalenko bildirib.

O əlavə edib ki, rusiyalı istehlakçılar türk brendlərinə çox isti münasibət bəsləyirlər.

Qeyd edək ki, son aylar ticarət mərkəzlərində türk brendləri ilə rusiyalı investorlar arasında danışıqlar intensivləşib. 

Moskalenkonun sözlərinə görə, qərbdə Kalininqraddan şərqdə Vladivostoka qədər Rusiyaya ilk dəfə gələcək brendlər üçün unikal inkişaf fürsəti var.

Bu arada RSTC-nin icraçı direktoru Oleq Voitsexovski bildirib ki, türk şirkətlərinin ən böyük üstünlüyü onların hərtərəfli inkişaf etmiş pərakəndə satıcı olmasıdır.