“Anam deputat olmaq istəmir” - Lalə Şövkətin oğlu

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sabiq lideri Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtdığı və “hərəkat” yaratdığı ilə bağlı məlumatlar yayılıb. Bir qrup siyasətçi və fəal şəxsin “Qurucular hərəkatı” yaratdığı haqqında elan da verilib. Sabiq ALP sədri Əvəz Temirxan hərəkatın Lalə xanımın razılığı ilə yaradıldığını, məqsədin qarşıdakı parlament seçkilərində və aktiv siyasi proseslərdə iştiraka hədəfləndiyini söyləyib.

Lalə Şövkətin oğlu Sidqi Şövkət mövzu ilə bağlı Teleqraf.com-a danışıb.

O bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: “Lalə xanım aktiv siyasətdə deyil. Əvəz bəyin dediyi fikirlər həqiqətdən uzaqdır”.

S.Şövkət deyib ki, yeni hərəkat Əvəz Temirxanın öz təşəbbüsüdür: “Lalə xanımın bu addımlardan və proseslərdən xəbəri yoxdur. O, indi aktiv siyasətdən tamamilə uzaqdır. Hələ ki Lalə xanımın aktiv siyasətə qayıtmaq niyyəti yoxdur. Növbəti parlament seçkilərinə qatılmaqla bağlı söylənən fikirlər də yalandır. Lalə xanım seçkilərə qatılmayacaq”.