Almanların yarısı demokratiyanın vəziyyətindən narazıdır

Almaniya əhalisinin təxminən yarısı (47,9%) ölkədəki demokratiyanın vəziyyətindən nisbi olaraq razıdır və ya çox razıdır, təxminən eyni sayda (48,5%) isə daha az razıdır və ya ümumiyyətlə narazıdır. 

Bunu IU Beynəlxalq Tətbiqi Elmlər Universitetinin (IU Internationale Hochschule) çərşənbə axşamı, avqustun 13-də dərc olunan sorğusu sübut edir. Araşdırmaya görə, demokratiyaya inamın ən yüksək səviyyəsi gənclər arasında müşahidə olunur - 16-25 yaş arası respondentlərin təxminən 55%-i məmnunluğunu bildirib.

Oxşar nəticələr Almaniyanın "Körber-Stiftung"un sifarişi ilə "Policy Matters" tədqiqat təşkilatının keçirdiyi sorğuda da göstərilib. Onun nəticələrinə görə, almanların 51%-i demokratiyaya və onun proseslərinə çox az inanır və ya heç inanmır.

Respondentlərin üçdə ikisindən çoxu (69%) hesab edir ki, demokratiya populizmlə təhdid edilir. İştirakçıların 63%-i əks tədbir kimi ekstremist partiyaların fəaliyyətinin qadağan edilməsinin tərəfdarıdır.

IU tədqiqatında sorğuda iştirak edənlərin təxminən 84%-i siyasətə inamın azalmasının demokratiya üçün ən böyük problem olduğuna inanır. Eyni zamanda, 92,5% Almaniyada demokratiyanın qorunub saxlanmasını nisbətən vacib və ya çox vacib hesab edir.