Almaniyadan Azərbaycana deportasiya edilən jurnalist: “Gedəcək yerimiz yoxdur”

“Deyəcəklərim diqqət çəkmək, yaxud şantaj üçün deyil, üç uşağımla hazırkı gerçək durumumdur. Burada hava limanına enəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına evsiz, işsiz və pulsuz olduğumu bildirmişəm.

O da karantin bitən kimi Zabratdakı sosial sığınacağa yerləşdiriləcəyimizi və altı ay orada pul ödəmədən yaşaya biləcəyimizi deyib. Bu gün karantin bitib, Atletlər Kəndindən çıxmalıyıq. Gedəcək yerimiz yoxdur”.

Bunu Almaniyadan deportasiya edilən jurnalist Röya Rəfili bildirib.

R.Rəfilinin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun, Sosial Xidmətlər Agentliyinin durumdan xəbəri var: “Sığınacaqda bizə yer olmadığını bildirirlər. Burada sığınacağa ehtiyacı olan, getməyə yeri olmayan digər insanlar da var, hamımız küçədə qalmaq təhlükəsindəyik. Mənim uşaqlarla qadın, yaxud uşaq sığınacaqlarına getməyimi məsləhət görürlər. Ora mənim və uşaqlarımın psixoloji durumuna uyğun yer deyil. Jurnalist və vətəndaş kimi həmin sığınacaqlara dəfələrlə illər əvvəl getmişəm, yer problemi var, bir nəfərin yerinə neçəsi yerləşdirilir ki, küçədə qalmasınlar. Mən bizə vəd edilən dövlətin sosial sığınacağından 4 nəfərlik yox, 1 nəfərlik yer istəyirəm.

Uşaqlarımı yığacağım kiçik, bir çarpayılıq yer istəyirəm ki, ailə olaraq yığışıb, durumumu düşünmək imkanım olsun. Bunu etmirlər. Bizi Readmissiya Sazişinə əsasən geri gətirən dövlətdən, hökumətdən sığınacaq istəyirəm. İki yaşlı qızıma qanunsuz olaraq Azərbaycan vətəndaşı olduğunu təsdiq edərək deport etdirən Miqrasiya qurumlarından burada bizi yerləşdirmələri üçün sığınacaq istəyirəm. Mənim və başqa ölkə vətəndaşı olan atasının rəsmi icazəsi olmadan rəsmi, qanunsuz sənəd verərək deportumuza səbəb olan Almaniyadakı səfirliyimizdən, konsulluğumuzdan bizi buradakı sosial sığınacağa yerləşdirmələrini istəyirəm. Çox şey istəmirəm ki...

Öz xoşumla ölkəyə gəlməmişəm. Mənim razılığım olmadan üç uşağıma qayıdış şəhadətnaməsi verilib. İki yaşlı qızımın gətirilməsi qanuni deyil, orada ata rəsmi kağız, həmçinin uşağın Almaniyadan çıxışı üçün razılıq verməyib. Bütün bunlara rəğmən, deportuma səbəb olan Azərbaycanın hökumət qurumları bizi sığınacaqla təmin etmirlər, biz küçədə qalmışıq. Heç bir əlaqəm olmayan qohumların qapısına polis gücünə aparıb atmaq çıxış yolu deyil. Özünə güvənib, yüzlərlə qaçqını geri istəyən dövlətdən bir yataqlıq sığınacaq istəyirəm...

Psixoloji durumum yerində deyil, amma aparıb məni dispanserdə çarpayıya bağlayıb ölümümü gözləmək çıxış yolu deyil. Mən dəli deyiləm, uşaqlarımı əlimdən almaq kimi variantlara getməyin. Heç kimə zərər verəcək biri deyiləm, Almaniyada müalicələr zamanı uşaqlarım mənim öhdəmdə olub, onları əlimdən almayıblar. Burada da buna cəhd etməyin, lütfən. Öhdəmdə üç azyaşlı var. Onları məndən ayırmadan, bizə sosial sığınacaq verin”.