Almaniyada terror planlaşdıran İŞİD üzvü saxlandı

Almaniyada İslam Dövləti qruplaşmasının xeyrinə terror aktları hazırlamaqda şübhəli bilinən iraqlı həbs edilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Almaniya prokurorluğu məlumat yayıb.

Federal prokurorların bəyanatında deyilir ki, Mahmud A. Ştutqart yaxınlığındakı Esslingen şəhərində həbs edilib. Hakim onun xarici terror təşkilatına üzv olmaqda şübhəli bilinərək, mühakimə olunana qədər həbsdə saxlanmasına qərar verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin 2016-cı ilin mayında və ya ondan əvvəl İraqda İslam Dövlətinə qoşulduğundan və ekstremist qruplaşmanın tərəfində vuruşduğundan şübhələnirlər.

Prokurorlar Mahmud A.-nın 2022-ci ilin oktyabrında Almaniyaya gəldiyini və İslam Dövləti adından hücumlar həyata keçirməyə hazır olduğunu bildiriblər. Onlar konkret hücumların planlaşdırılıb-planlaşdırılmadığını açıqlamayıblar.

Almaniya futbol üzrə Avropa çempionatı başlamazdan əvvəl islamçılar, aqressiv şəxslər tərəfindən potensial təhlükələrin, eləcə də kiberhücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Həmçinin qeyd olunur ki, futbol üzrə Avropa çempionatı və iyunda Ukraynanın bərpası ilə bağlı konfransla əlaqədar Berlin polisi son illərin ən böyük əməliyyatlarından birinə hazırlaşır.

Xatırladaq ki, ötən həftə İspaniyada Avro-2024 və Olimpiadada hücumlara çağıran İŞİD şəbəkəsi məhv edilib.