Almaniya Rusiya qazına alternativ tapdı - Təchizatçı kim olacaq?

"Seneqal milyardlarla kubmetr qaz ehtiyatlarına malikdir, ona görə də ölkə gələcəkdə enerji bazarında ciddi oyunçu ola bilər".

Bizimxeber.az bildirir ki, bu barədə “Azadlıq ” radiosu məlumat yayıb. 

Almaniya kansleri Olaf Şolz deyib ki, Seneqal ölkəyə Rusiyanın enerji təchizatından imtina etməyə kömək edəcək.

Almaniya Ukraynadakı müharibə səbəbindən Rusiyanın təbii qaz tədarükündən imtina etmək üçün imkanlar axtarmağa davam edir. Belə ki, ölkə Seneqalla birlikdə qaz və bərpa olunan enerji mənbələri sahəsində layihələrin icrasına başlamaq istəyir.

Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, bu, ölkəyə Rusiya enerji təchizatından imtina etməyə kömək edəcək.

Alman tərəfinin məlumatına görə, Seneqalın milyardlarla kubmetr qaz ehtiyatı var. Beləliklə, Seneqal Qərbi Afrikanın ən böyük qaz istehsalçısına çevrilə bilər.

Berlin və Seneqal arasında birgə layihələr üzrə danışıqlar artıq başlayıb. Almaniyanın Seneqaldakı qaz yatağında kəşfiyyata yardım edəcəyi gözlənilir.

Almaniya Rusiyanın Ukraynaya təcavüzündən sonra ən qısa zamanda Rusiya qazından asılılığını azaltmaq niyyətindədir və buna görə də bu yaxınlarda Qətərlə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək üçün müqavilə imzalayıb.

Kansler Olaf Şolz bildirib ki, Almaniya Qətər kimi tədarükçülərdən mayeləşdirilmiş təbii qaz (LNG) üçün iki terminal tikməyi planlaşdırır.

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani Dohanın Almaniyaya 2024-cü ildə LNG tədarük etməyə başlamağı planlaşdırdığını təsdiqləyib və Avropanı “maraqlı” qaz bazarı adlandırıb.