Aİ Ukraynaya azı 6 milyard avroluq hərbi yardım paketi hazırlayır - Politico

Avropa Birliyi ölkələri ABŞ-ın Rusiya ilə apardığı danışıqlar ərəfəsində Ukraynaya strateji mövqeyini gücləndirmək üçün nəzərdə tutulan ən azı 6 milyard avro dəyərində hərbi yardım paketini müzakirə edir.  

Bizimxeber.az bildirir ki, bu barədə “Politico” üç diplomatik mənbəyə istinadən yazıb.

Politico mənbələrinin məlumatına görə, paket çərçivəsində Avropa İttifaqı Ukraynaya 1,5 milyon artilleriya mərmisi, hava hücumundan müdafiə sistemləri və Ukrayna briqadaları üçün avadanlıq verməyi planlaşdırır. Onlar həmçinin iddia edirlər ki, paketin potensial dəyəri 10 milyard avroya yüksələ bilər – Aİ dövlətləri Kiyevə nə verə biləcəklərini qiymətləndirdikdən sonra.

Politico yazır ki, Avropa Birliyi ölkələri paketə maliyyə və ya hərbi texnika ilə töhfə verə biləcək və onların töhfəsi ümumi milli gəlirə mütənasib olacaq. Aİ xarici işlər nazirlərinin gələn həftə Brüsseldə keçiriləcək növbəti iclasında paketi nəzərdən keçirəcəkləri gözlənilir.

Politico-ya görə, paketin elanı Avropa komissarlarının fevralın 24-nə planlaşdırılan Kiyevə simvolik səfəri ərəfəsində baş tuta bilər.