Aİ dayanmır - Rusiyaya qarşı 16-cı sanksiyalar paketi təsdiqləndi

Avropa İttifaqının səfirləri fevralın 19-da Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə cavab olaraq 16-cı sanksiyalar paketini təsdiqləyiblər.

Bizimxeber.az bildirir ki, bu barədə X-də Azadlıq Radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak yazıb.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi fevralın 24-də, Ukraynaya genişmiqyaslı işğalın üçüncü ildönümündə Aİ-nin xarici işlər nazirləri tərəfindən rəsmi olaraq təsdiqlənəcək.

"Aİ sanksiyalardan yayınmaya qarşı mübarizəsini daha da gücləndirir, Putinin kölgə donanmasında olan daha çox gəmini hədəfə alır və yeni idxal və ixrac qadağaları tətbiq edir. Biz Kremlə təzyiqi davam etdirmək niyyətindəyik", - o , X (Twitter) səhifəsində yazıb .

Financial Times- ın xəbərinə görə, Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ölkənin alüminium sənayesini hədəf alır və neft ixracına məhdudiyyətləri sərtləşdirir.

Nəşrin mənbələrinin məlumatına görə, tədbirlər daha 13 banka, Moskvanın xam neft ixracı üçün istifadə etdiyi “kölgə donanması” adlandırılan 73 tankerə və Aİ ölkələrinin Rusiya alüminium məhsullarının müəyyən növlərinin alınmasına “mərhələli” qadağaya aiddir.

Tədbirlər paketi həmçinin Rusiyaya Ukraynaya qarşı müharibəni davam etdirməyə kömək edən daha çox fərd və şirkətləri hədəf alır.