Adil Kərimli Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi ilə vidalaşır

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vəzifədən uzaqlaşdırıla bilər. 

Bizimxeber.az-a daxil olan məlumata görə, adı müxtəlif qalmaqallı işlərdə, nöqsanlarda hallanan Rəşad Əliyev keçmiş nazir Anar Kərimovun komandasının üzvü kimi tanınır.

Bir müddət əvvəl Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb. 

Amma sabiq nazir Anar Kərimovun komandasında olan «himayədarın» köməkliyi ilə nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədilib, ictimaiətə açıqlanmayıb. Üstəlik Rəşad Əliyev cəzalandırılmayıb.

Görünür bu dəfə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli onunla yollarını ayıracaq. Nazirlikdəki problemlərin həlli üçün var gücü ilə çalışan Adil Kərimli üçün Rəşad Əliyev kimi kadrlarla işləmək heç də ürəkaçan deyil.

Hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələ də vəzifə başında qalmaqdadırlar. Məhz bu adamlardan istifadə edərək bu dəfə də vəzifədə qalmağa cəhd edən Rəşad Əliyev yəqin ki, bunu bacarmayacaq.

Məlumat üçün bildirək ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanıb.