Rusiya tərəfindən işğal olunmuş Abxaziyada qondarma “prezident” Aslan Bjaniya, ardınca isə “baş nazir” Aleksandr Ankvab istefa verib.
Bizimxeber.az bildirir ki, bu barədə “Echo of Caucasus ” məlumat verib.
Bjaniya abxaz "müxalifəti" ilə "sabitliyi və konstitusiya quruluşunu qorumaq məqsədi ilə" uzun saatlar davam edən danışıqlardan sonra getmək qərarına gəlib.
Tərəflərin imzaladığı müqaviləyə əsasən, Bjaniya istefa ərizəsi təqdim edib və ərazidə və “hökumət” binaları kompleksində olan vətəndaşlar noyabrın 19-da oranı tərk edirlər.
Bu bəndə əməl edilmədikdə, Bjaniya ərizəni geri götürəcək. Bjaniyanın vəzifələrini "vitse-prezident" Badra Qunba yerinə yetirəcək, Valeri Bqanba isə "baş nazir" təyin olunacaq.
Xatırladaq ki, ötən həftə Suxumidə Rusiya-Abxaziya “investisiya müqaviləsi”nin ratifikasiyasına etiraz aksiyası keçirilib. Yerli polislə toqquşma olub. Bundan əlavə, etirazçılar “hökumət binaları” kompleksinin ətrafındakı hasarları aşaraq onları qismən ələ keçiriblər.
Etiraz fonunda Abxaziya “parlamenti” Moskva ilə investisiya sazişinin ratifikasiyası üzrə səsvermənin keçirilməli olduğu sessiyanı ləğv edib və “prezident” administrasiyası onu geri götürəcəyini vəd edib.